“Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi”

Bu gün Xətai rayonu 249 nömrəli tam orta məktəbdə millət vəkili Aydın Mirzəzadənin “Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi” adlı kitabının təqdimatı olub. SİA-nın verdiyi məlumata görə, kitabın məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov, tərtibçisi isə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İcra Katibliyi Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadədir.

Xətai rayonu 249 nömrəli tam orta məktəbin direktoru Nizami Bayramov çıxış edərək deyib ki, tarix boyu dinc, silahsız mülki şəxsləri qətlə yetirmək, hədəfə almaq ermənilərin, daha sonra da Azərbaycan torpaqları üzərində qurulan Ermənistan adlanan dövlətin başlıca siyasəti olub və bu çirkin siyasət davam edir: “Füzulinin Alxanlı kəndində azyaşlı Zəhra Quliyeva və onun nənəsinin qətlə yetirilməsi dünya mediasının ən çox müzakirə etdiyi məsələlər sırasındadır. Bununla bağlı dünyanın bir sıra ölkələrində Ermənistan səfirlikləri və nümayəndəlikləri qarşısında etiraz aksiyaları keçirilir, işğalçı dövlətin siyasəti pislənilir. Şübhə yoxdur ki, Ermənistan bu qətliamla dünya ictimaiyyətinin gözündə bir daha alçalmış, kiçilmiş oldu. Dünya mediasının faciə ilə bağlı obyektiv xəbərləri sözsüz ki, təqdirəlayiqdir və alqışa layiqdir. Öz peşə vəzifəsini vicdanla yerinə yetirən bu nəşrlər nəhayət ki, işğala məruz qalanla işğalçını seçməyə müvəffəq olurlar və bu fakt da Azərbaycanın haqq işinin ədalətli olmasından xəbər verir”.

Millət vəkili Aydın Mirzəzadə bildirib ki, bu ilin iyul ayının 4-də Ermənistan hərbiçiləri axşam saatlarında Füzuli rayonunun Alıxanlı kəndini atəşə tutaraq yaşyarımlıq Zəhra Quliyeva və onun nənəsini qətlə yetirdilər: “Bu hadisə Azərbaycan cəmiyyətində böyük əks-səda doğurdu. Azərbaycan hərbiçiləri də bunun qisasını aldılar. Amma Zəhra Quliyeva ağrısı hələ də qəlbimizdədir. Belə bir fikir yarandı ki, bu məsələ ilə bağlı ancaq rəsmi materiallar əsasında bir kitab hazırlansın. Kitabın məsləhətçisi Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdur. Qısa bir zamanda Azərbaycan dövlət hakimiyyətinin, xarici rəsmi dairələrin, parlamentlərin, beynəlxalq təşkilatların bu məsələyə dair münasibətləri kitaba toplandı. Həmçinin kitabda Ermənistan rəsmi hakimiyyətinin və xaricdə yaşayan erməni diaspor nümayəndələrinin münasibətləri də yer alıb. Əgər xaricdə yaşayan erməni diaspor nümayəndələrinin bir qismi bu hərəkətə görə üzr istəyirdilərsə, erməni rəsmi hakimiyyəti bundan qürur hissi duyurdu və hətta Azərbaycanı hədələməyə çalışırdı. Bütün bunlar hamısı rəsmiləşdirilib və kitaba salınıb”.

Millət vəkili əlavə edib ki, belə bir kitabın nəşr edilməsi bu hadisəni arxivləşdirmək və gələcək nəsillərə artıq rəsmi materiallar əsasında çatdırmağa kömək edəcək: “Bu bir faktoloji materialdır. İndi və gələcəkdə biz Ermənistan tərəfini bu vəhşiliklərə görə, rəsmi materiallar əsasında ittiham edə bilərik. Hesab edirəm ki, Azərbaycanın tarixi ilə bağlı bütün məsələlər yazılmalı, gələcək nəsillərə çatdırılmalı və öz tariximizi olduğu kimi göstərməyi bacarmalıyıq. Mən kitabda Xətai rayonu 249 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi Nəsibə Seyidovanın Zəhra Quliyevanın öldürülməsi ilə bağlı özünün təşəbbüsü ilə çəkdiyi bir şəkili yerləşdirdim. Nəsibə Seyidova heç bilmirdi ki, onun çəkdiyi rəsm kitabda yerləşdiriləcək. Bugün həmin məktəbə gələrək kitabı ona təqdim etmək üçün gəldim və məktəbin uğurları ilə tanış oldum”.

Daha sonra kitab məktəbin 5-ci sinif şagirdi Nəsibə Seyidovaya təqdim olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...