Qaradağ rayonunda gənclər Dövlət Proqramını müzakirə ediblər FOTOLAR

YAP Qaradağ rayon təşkilatı gənclər birliyi və Qaradağ rayon gənclər idman idarəsi ilə birlikdə “2017-2021-ci illər üçün Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın qəbul olunmasına həsr olunmuş “Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Dövlət Gənclər Siyasəti” bu gün də davam etməkdədir” mövzusunda tədbir keçirib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov, Qaradağ rayon gənclər idman idarəsinin rəisi Elcin Abbasov və rayon fəalları iştirak ediblər.

Millət vəkili A.Hüseynov çıxış edərək bildirib ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə gənclər siyasəti uğurla davam etdirilir: “Dövlət gənclər siyasətinin daha planlı şəkildə həyata keçirilməsi məqsədilə Azərbaycan gəncliyi ilə bağlı iki dövlət proqramı qəbul edilərək uğurla icra olunub. Bunun nəticəsidir ki, Azərbaycan gəncləri bir çox uğurlara imza atır, cəmiyyətdə fəal rol oynayırlar”.

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri deyib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanan “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramında növbəti beş il ərzində gənclər sahəsində əsas istiqamətlər öz əksini tapıb: “Proqramın icrasında müvafiq dövlət qurumları və təşkilatlar ilə birlikdə işləyəcək. Proqramın hazırlanmasında həm yerli gənclər təşkilatları, həm beynəlxalq ekspertlər iştirak ediblər. Burada gənclərin inkişafı ilə bağlı bütün sahələr əhatə olunub. İnanırıq ki, beş ildən sonra bizim gənclərimiz daha bilikli, daha vətənpərvər olacaqlar, daha böyük nailiyyətlər əldə edəcəklər.

A.Hüseynov qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı ölkədə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsi istiqamətində atılan növbəti mühüm addımdır: “Dövlət Proqramının məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləməkdir. Məqsəd, həmçinin gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir”.

Tədbirdə gənclər çıxış edərək Dövlət Proqramının əhəmiyyətindən danışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə