Ağıllanmaq I Aramın, Sarkisyanın, həmçinin ermənilərin haqqıdır ANALİZ+RƏY

Mübariz Əhmədoğlu: “Erməni diasporu prezident S.Sarkisyandan ciddi narazılığını gizlətmir”

“Yüksək Kilikiya Evinin başçısı I Aram Avropa ermənilərinin forumunda iştirak edərkən Dağlıq Qarabağı ermənilərin tarixi torpağı adlandırdı və Dağlıq Qarabağın müstəqilliyinin erməni xalqının haqqı olduğunu bildirdi”. SİA-ya daxil olan məlumata görə, bu barədə Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, ermənilərin ikinci, diasporun birinci keşişi olan I Aram milli tələbkarlıq prinsipini gündəliyə gətirdi. SİTAT: “I Aramın fikrincə Ay dat (erməni məsələsi) milli tələbkarlıq prinsipinin dünyanın hər yerində yaymalıdır. I Aram və onun timsalında diaspor başa düşür ki, Dağlıq Qarabağ məsələsində hər şey S.Sərkisyanın və E.Nalbandyanın dediyi kimi deyil. Ona görə o Dağlıq Qarabağ məsələsində tələbkarlığı artırmağı milli məsələyə çevirdi. Bu məsələdə I Aramın mövqeyi mötəbər mövqe kimi qəbul edilə bilər. Çünki I Aram Cenevrəyə gələrək prezident S.Sarkisyanla ATƏT-in Minsk Qrupunun həmsədrləri və Azərbaycan Prezidenti ilə görüşündən əvvəl görüşdü. Əhval-ruhiyyələrindən hər şey bəlli idi; yaxşı bir şeyə ümid etmirlər. İş də burasındadır ki, bu yaranmış vəziyyət və onun davamı bütün dünya erməniliyini, faciəyə sürükləyir. Bunun çox aydın əlaməti var”.

“Ermənistanın iş adamları ABŞ-da silsilə görüşlər keçirsə də, ABŞ-la Ermənistan arasında ticarətin genişləndirilməsi və ikiqat vergi qoymanın ləğvi məsələsini gündəliyə gətirə bilmədilər”

“Əgər I Aram, S.Sarkisyan və E.Nalbandyan ermənilərin 1988-ci ildəki və indiki vəziyyətlərini müqayisə etsə bunu aydın görərlər”-deyə qeyd edən politoloqa görə, o zaman Ermənistanı və onun yaratdığı Dağlıq Qarabağ problemini bütün dünya dəstəkləyirdi: “Spitak zəlzələsi zamanı ABŞ-dan açılan yardım karvanına o zamankı prezident C.Buşun oğlu başçılıq edirdi. İlk təyyarə ilə özü Yerevana gəldi.

Amma təxminən 3 il bundan qabaq ABŞ-ın o zaman Ermənistandakı səfiri C. Heffernin inadlı dəstəyi ilə Ermənistanın iş adamları ABŞ-da silsilə görüşlər keçirsə də, ABŞ-la Ermənistan arasında ticarətin genişləndirilməsi və ikiqat vergi qoymanın ləğvi məsələsini gündəliyə gətirə bilmədilər. SSRİ mərkəzi hökumətindən, ABŞ-dan və erməni diasporundan gələn yardımları da üst-üstə hesablasaq o dövrdə Ermənistanın 7-8 milyard dollar pulu var idi. İndi isə Ermənistanın 7 milyard dollar borc var. S.Sərkisyan prezident olaraq dəfələrlə ABŞ-da olub. ABŞ-ın heç bir rəsmisi onunla adicə görüşməyib də”.

““Danışıqlar prosesinə vurulan zərbə hələ aradan qaldırılmayıb” fikri o deməkdir ki, Ermənistanda bacardıqları qədər çalışacaqlar ki, danışıqlar prosesindən yayınsınlar”

“Ermənistanın heç bir geosiyasi tərəfdaşı yoxdur”-deyə qeyd edən M.Əhmədoğlu qeyd edib ki, Ermənilərin dini tənəzzülü başlayıb: “Kilsə biznes-kommersiya obyektinə çevrilib. I Aramın rəhbərlik etdiyi bir dövrdə Yaxın Şərqdə ermənilərin sayı hədsiz azalıb. I Aramın ayılması üçün nələrin baş verməsini başa düşmək çox çətindir. Ermənistanın xarici işlər naziri E.Nalbandyan da ATƏT Minsk Qrupu həmsədrlərinin 3 bəyanatını tapdalayaraq Cenevrə görüşündən 3 gün sonra eynilə əvvəlki ampluasına qayıtdı; “danışıqlar prosesinə vurulan zərbə hələ aradan qaldırılmayıb” fikri o deməkdir ki, Ermənistanda bacardıqları qədər çalışacaqlar ki, danışıqlar prosesindən yayınsınlar. Azərbaycan dialoq, danışıqlar prosesinin tərəfdarıdır. Ermənistan dinc tənzimlənmə prosesinə “hə-hə” deməklə özünün əsl maraqlarını gizlədir. Ermənistanın əsl niyyəti prezidentlərin görüşünün baş tutmamasıdır. Ermənistanda bilirlər ki, prezidentlərin görüşü Dağlıq Qarabağ tənzimlənməsini yaxınlaşdırır. Dağlıq Qarabağ tənzimlənməsinin fəlsəfi konsepti tam aydındır: Ətraf ərazilər yaxın müddət ərzində, Dağlıq Qarabağ özü isə bir müddətdən tutaq ki, 20-25 ildən sonra Azərbaycanın tərkibinə qayıdır. Ortalıqda olan bütün variantlarda Dağlıq Qarabağın müstəqil olması və yaxud Dağlıq Qarabağın Ermənistana birləşməsi adlı heç bir ideya yoxdur”.

“Ermənilər yeni yaranmış şəraitdə köhnə siyasəti davam etdirməklə özlərini məhvə sürükləyirlər”

Politoloqa görə, Ermənistan rəhbərliyi uzun müddət xalqı referendumla aldadıblar: “Guya Dağlıq Qarabağ xalqı var. Dağlıq Qarabağ xalqı öz müqəddəratını referendum yolu ilə həll edəcək. İstər Lavrov, istər Hoqland variantı Yenilənmiş Madrid Prinsiplərinin törəmələridir və bu variantların heç birisində “Dağlıq Qarabağ” adlı xalq və Dağlıq Qarabağ ermənilərinin öz taleyini referendum vasitəsilə həll etməsi məsələsi göstərilməyib. Ermənilər yeni yaranmış şəraitdə köhnə siyasəti davam etdirməklə özlərini məhvə sürükləyirlər. Belə halda I Aramın ortalığa gətirdiyi milli tələbkarlıq anlayışı artıq “Sasna srer” hadisələrinə dini, ümum erməni maraqları prizmasından haqq qazandırmaqdan başqa bir şey deyil. Erməni xalqının hansı haqqının olub-olmaması mövzusunda diskussiya açmaq olar. Bir şeyi dəqiq demək olar: Ağıllanmaq I Aramın, S.aərkisyanın, həmçinin ermənilərin haqqıdır”.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə