Novruz Məmmədov: "AŞ-dan çıxmaq məsələsinə Azərbaycan özü qərar verə bilər"

“Bu gün dünya birliyinin ən çox ədalətə ehtiyacı var. Amma təəssüflər olsun ki, AŞ PA və digər belə qurumlar ədaləti kiçik geosiyasi maraqlara qurban verirlər”. SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi, şöbə müdiri Novruz Məmmədov jurnalistlərə açıqlamasında deyib.

N.Məmmədov bildirib ki, ədalətin olmadığı yerdə isə Qərbin tez-tez bəhs etdiyi universal dəyərlərin heç bir yeri ola bilməz: “Ədalət yoxdursa, insan haqları, azadlıqları məsələlərindən məqsədli istifadə ediləcək, siyasi amil kimi ortaya qoyulacaq".

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan üzv olduğu beynəlxalq təşkilatların ədalətli olmasını istəyir: “Avropa Şurasının bir üzvünün ərazisinin bir hissəsini işğal altında saxlayan başqa bir dövlət də bu qurumun üzvüdür. Ancaq həmin işğalçıya - Ermənistana heç kim heç nə demir”.

N.Məmmədov qeyd edib ki, 21-ci əsrdə, insan intellektinin ən yüksək inkişaf etdiyi bir dövrdə dünyada, ölkələr arasında baş verən proseslər göz önündədir: "İraqda, Suriyada, Liviyada, Afrikanın onlarla dövlətində hər gün minlərlə insan həlak olur, amma bu barədə danışan yoxdur. Amma bu proseslər öz-özünə baş vermir. Belə olan halda isə təkcə bu proseslərin baş verdiyi dövlətlər əziyyət çəkmir. Təhlükə böyüyür və həmin böyük dövlətlər də son nəticədə bundan əziyyət çəkir. 20-ci əsrdə iki dünya müharibəsi olub, o müharibələri kiçik dövlətlər başlamayıb. Belə hallarda böyük dövlətlərin özləri üçün də ciddi təhlükələr yaranır. Əsas məsələ də budur".

N.Məmmədov Azərbaycanın Avropa Şurasından (AŞ) çıxıb-çıxmaması məsələsi haqqında da danışıb: "Söhbət ondan gedir ki, buna Azərbaycan özü qərar verə bilər. Azərbaycan isə səbrlidir və lazım bildiyi zaman öz maraqları çərçivəsində hər bir addımı ata bilər. Avropa Şurası Parlament Assambleyasında da, Avropada da heç kim Azərbaycanın Avropa Şurasından çıxmasını istəmir. Məsələ Azərbaycanın bu qurumdan çıxarılması formasında da qoyula bilməz".

Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə