Deputat: “IX Zirvə görüşü Azərbaycan üçün əhəmiyyətlidir” AÇIQLAMA

“Azərbaycan Prezidenti İlham Əliyevin İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşünə xüsusi qonaq qismində dəvət olunması dünyada Azərbaycana olan nüfuzun göstəricisidir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, Azərbaycan müstəqil ölkə olaraq dünya arenasında, siyasətində özünəməxsus rola malik ölkədir: “Ona görə də Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə iştirak etməsi həm dövlətimiz, həm də orada iştirak edən digər ölkələr üçün böyük əhəmiyyəti var. Azərbaycan Prezidentinin sözügedən görüşdə iştirakı və Türkiyə prezidenti ilə bir yerdə olması birdaha onu göstərir ki, Azərbaycanla Türkiyə arasında böyük dostluq əlaqələri var. Ümumiyyətlər hər bir beynəlxalq təşkilatda Türkiyə ilə Azərbaycan bir yerdədir. Heç bir xarici müdaxilə və yaxud kimlərsə bizim dostluğumuza xələl gətirə bilməz. Azərbaycan aktiv bir faktor olaraq belə görüşlərə tez-tez dəvət olunur.

“Böyük iyirmilik” (G20) sammitində də Azərbaycan iştirak etmişdi. Hazırda isə Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə iştirakı onu göstərir ki, artıq ölkəmiz beynəlxalq siyasətdə özünəməxsus rola malik bir dövlətdir. Bu kimi təşkilatlarda təmsil olunmaq bizim üçün də əhəmiyyətlidir. Çünki belə təşkilatlar Azərbaycan üçün öz siyasətini, problemlərini dilə gətirməyə böyük bir platformadır. Buradan cənab Prezident birdaha dünya ölkələrinə səsləndi ki, Azərbaycanın ərazi bütövlüyü qorunmalıdır və haqq-ədalət qələbə çalmalıdır”.

Müəllif: Ceyhun Rasimoğlu
loading...