İtaliyada Azərbaycanın rolundan danışılıb

19 oktyabr tarixində Roma şəhərində Türk Mədəniyyət Mərkəzi - Yunus Emre İnstitutunun İtaliya təmsilçiliyi, “Fondazione Ugo Spirito e Renzo De Felice” fondu və “Eurosis Consulting” şirkətinin birgə təşkilatçılığı ilə “Yeni İpək Yolu: İqtisadi və mədəni şəbəkənin qurulması” mövzusunda Konfrans keçirilib.

SİA-nın verdiyi məlumata görə, tədbirin açılış mərasimində çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İpək Yolunun bərpasında Azərbaycanın rolundan danışmış, ölkəmizin Şərqlə Qərb arasında strateji bir körpü rolunu oynadığını qeyd edib. Azərbaycanın nəqliyyat potensialı barədə məlumat verərək, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, bu yaxınlarda inauqurasiyası olacaq Bakı-Tiflis-Qars dəmir yolu bağlantısının, eləcə də ölkəmizin nəqliyyat infrastrukturun modernləşməsi istiqamətində həyata keçirilmiş layihələrin əhəmiyyətindən danışıb. Ölkəmizin təşəbbüsü ilə İpək Yolu üzərində reallaşdırılmış və reallaşdırılmaqda olan neft-qaz kəmərləri layihələri barədə də məlumat verən M.Əhmədzadə bu xüsusda Azərbaycan qazını Avropaya daşıyacaq Cənub Qaz Dəhlizinin xüsusi strateji əhəmiyyətini vurğulayıb. M.Əhmədzadə, eyni zamanda İpək Yolunun Şərq və Qərb arasında iqtisadi və ticarət əlaqələrini dərinləşdirməsi ilə yanaşı, universal dəyərlərin təşviqi, müxtəlif mədəniyyətlərin vəhdəti üçün də əhəmiyyətindən danışıb. Bu baxımdan, Azərbaycanın əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanındığı və dünyada mədəniyyətlər və sivilizasiyalararası dialoqun təşviqindəki rolu barədə də məlumat verib. M.Əhmədzadə regionda təhlükəsizlik məsələlərinin nəzərə alınmasının vacibliyini də qeyd edib, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün regionda sülh və sabitliyə təhdid olduğunu bildirib.

Tədbirdə iştirak edən Beynəlxalq Türk Mədəniyyət və İrsi Fondunun beynəlxalq münasibətlər üzrə katibi Rüstəm Məmmədov öz çıxışında türkdilli xalqların mədəniyyətinin və irsinin öyrənilməsi, qorunması və təbliği istiqamətində Fondun fəaliyyəti, həyata keçirdiyi tədbir və layihələr barədə məlumat verib. Eyni zamanda, tədbirin mövzusu olan “İpək Yolu” ətrafında Fondun apardığı işlər və bununla bağlı gələcəkdə nəzərdə tutulan tədbirlərə də toxunub. O, İpək Yolu üzərində mədəni aspektlər barədə məlumat verərək, bu xüsusda türkdilli ölkələrin daima vacib rol oynadığını və öz töhfələrini verdiyini deyib. Azərbaycanın da mədəniyyətlərarası dialoqda iştirakı və mühüm rolunu vurğulamış, bir çox mühüm mədəni abidələrin yerləşdiyi ərazilərin hal-hazırda Ermənistanın işğalı altında olması faktları barədə danışıb. R.Məmmədov ümumilikdə, İpək Yolunun bərpasında əməkdaşlığın vacibliyi və burada mədəni mübadilənin və mədəniyyətlərarası dialoqun başlıca rol oynamasını vurğulamış, bu istiqamətdə Beynəlxalq Türk Mədəniyyət və İrsi Fondunun əməkdaşlığa hazır olması və gələcəkdə də bu məqsədə doğru fəaliyyət göstərəcəyini qeyd edib.

Habelə tədbir iqtisadiyyat və mədəniyyət sahələrində əməkdaşlığı əhatə edən sessiyalarla davam etmiş və həmin sessiyalarda aidiyyəti üzrə mövzular üzrə Azərbaycan-İtaliya əməkdaşlığına da toxunulmuşdur. İqtisadiyyat sahəsinə aid sessiyada çıxış edən Azərbaycan – İtaliya Ticarət Palatasının prezidenti Manuela Traldi İtaliya və Azərbaycan arasında ticarət-iqtisadi sahəsində əməkdaşlıq barədə danışıb. Mədəniyyət sahəsinə aid sessiyada çıxış edən Roma şəhərində yerləşən “La Sapienza” Universitetinin professoru Daniel Pommier İtaliya və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq, təhsil ocaqları arasında əlaqələrdən danışıb.

Müəllif: Ceyhun Rasimoğlu
loading...