“İnterpolitex-2017” adlı beynəlxalq sərgi keçirilib

16-18 oktyabr 2017-ci il tarixlərdə Moskva şəhərində Rusiya Federasiyasının Cəzaların İcrası Federal Xidmətinin təşkilatçılığı ilə “İnterpolitex-2017” adlı beynəlxalq sərgi keçirilib.

SİA-nın verdiyi məlumata görə, sərgidə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətini rəis müavini ədliyyə general-mayoru Hüseyn Əlixanov və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi ədliyyə polkovniki Mehman Sadıqov təmsil ediblər.

Tədbirin açılış mərasimi 17 oktyabr 2017-ci il tarixdə Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (VDNX) keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Rusiya Federasiyasının Cəzaların İcrası Federal Xidmətinin direktoru general-polkovnik Korniyenko Qennadiy Aleksandroviç sərgi iştirakçılarına göstərilən marağa və iştiraka görə minnətdarlığını bildirib.

Sayca iyirmi birinci olan “İnterpolitex-2017” beynəlxalq sərgisi 3500 kvadrat metr ərazini əhatə etməklə Rusiya cəzaçəkmə müəssisələrində hal-hazırda istehsal olunan məhsulları nümayiş etdirib.

Tədbirdə Rusiya Federasiyasının Cəzaların İcrası Federal Xidmətinin rəhbərliyi Müstəqil Dövlətlər Birliyi və Avropa ölkələrinin dövlət, güc və penitensiar strukturlarının rəhbərliyi, özəl şirkətlərin başçıları və sahibkarlar iştirak edirdilər.

Sərgidə Rusiya Federasiyasının Cəzaların İcrası Federal Xidmətinin cəzaçəkmə müəssisələrində istehsal olunmuş çoxçeşidli sənaye, kənd təsərrüfatı, tikinti, mühafizə texnikası, xüsusi geyim formaları, müdafiə sənayesi, ərzaq və s. məhsulları təqdim edilib.

Bura “Kamaz”, “UAZ” və “QAZ” avtomobillərinin şassilərində yığılmış xüsusi avtomobillər, metal və kompozit materiallardan hazırlanmış park və həyət mebelləri, tikinti materialları, elektrotexniki və qəza-xilasetmə avadanlıqları, qida məhsulları və onların saxlanması və daşınması üçün avadanlıqlar, geyim, xalq təsərrüfatı malları, geniş çeşidli yüngül sənaye, metallurgiya və ağac məmulatlarından hazırlanmış məhsulları, hazır evlər və digər tikililər, kənd təsərrüfatı avadanlıqları və texnikaları, yanğınsöndürmə komplektləri və bir sıra digər nümunələr daxil edilib.

Qeyd olunmalıdır ki, ötən il ərzində Rusiyanın cəzaçəkmə müəssisələrində 100 000 çeşiddə məhsul istehsal olunub.

Bütün bu məhsullar ödənişli işlərdə işləyən məhkumlar tərəfindən istehsal edilib. Bu cür yanaşma həmin məhkumlara xüsusi peşə təhsilinə yiyələnməyə, azad cəmiyyətə reinteqrasiya edilməsinə və işlə təmin olunmasına geniş imkanlar açır.

Vurğulanmalıdır ki, ötən il ərzində Rusiya cəzaçəkmə müəssisələrində 140 000 məhkum xüsusi peşə təhsilinə yiyələnib.

Tədbir çərçivəsində Rusiya Federasiyasının Cəzaların İcrası Federal Xidmətinin direktoru general-polkovnik Q.A.Korniyenko ilə ikitərəfli görüş keçirilib.

Görüş zamanı Penitensiar xidmət üçün on ildən artıq müddət ərzində peşəkar kadrların hazırlanması, məhkumların və təqsirləndirilən şəxslərin ekstradisiyası və digər aidiyyəti sahələrdə qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olması vurğulanıb. Eyni zamanda, cəzaçəkmə müəssisələrində istehsalat sahələrinin inkişaf etdirilməsi, iki ölkənin cəza icra orqanları arasındakı gələcək əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə