Prezident İlham Əliyev İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə iştirak edib- FOTO (YENİLƏNİB)

Oktyabrın 20-də İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşü keçirilib.

SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində Zirvə görüşündə iştirak edib.

Əvvəlcə birgə foto çəkdirildi.

Zirvə görüşü müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başladı.

İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının - D-8-in baş katibi Seyid Ali-Mohammad Musəvi Zirvə görüşünü açıq elan edərək tədbirin əhəmiyyətindən danışdı.

D-8 təşkilatının hazırkı sədri, Pakistanın Baş naziri Şahid Xaqan Abbasi qurumun müasir dövrdə fəaliyyətinin daha da genişləndirilməsində üzv ölkələrin səylərinin gücləndirilməsinin vacibliyini vurğuladı. Qeyd etdi ki, Pakistan D-8 təşkilatına sədrliyi dövründə bu qurumun möhkəmlənməsinə və inkişafına çalışıb. Məhz bu dövrdə D-8 BMT-də müşahidəçi statusu əldə edərək beynəlxalq səviyyədə mövqeyini gücləndirib. Pakistanın Baş naziri dedi ki, qurumun üzvləri 20 il ərzində iqtisadiyyat, ticarət, nəqliyyat, turizm və digər sahələrdə əlaqələri inkişaf etdiriblər.

Baş nazir Şahid Xaqan Abbasi D-8 təşkilatına sədrliyin Pakistandan Türkiyəyə keçdiyini elan etdi.

Təşkilatın yeni sədri, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında üç qitədə yerləşən ölkələri əhatə edən D-8-in son 20 ildə fəaliyyətinin uğurlu olduğunu vurğulayaraq, dünyada baş verən gərginliklər fonunda Zirvə görüşünün keçirilməsinin önəmini qeyd etdi. Son illər müsəlmanların yaşadıqları bölgələrdə baş verən münaqişələrin, terrorizmin, təbii fəlakətlərin ciddi fəsadlarla nəticələndiyini deyən Türkiyə Prezidenti təəssüflə bildirdi ki, qlobal ədalətsizlik azalmaq əvəzinə, daha da artır. Dünyada İslamla terrorizmin əlaqələndirilməsi cəhdlərinin, islamofobiyanın və ksenofobiyanın artdığını, miqrant böhranının dərinləşdiyini bildirən Türkiyə Prezidenti dedi ki, D-8 ölkələri dünyada çox az ölkənin sahib olduğu gənc və dinamik artan əhaliyə, zəngin təbii sərvətlərə, sürətli inkişafa malikdir. Prezident Rəcəb Tayyib Ərdoğan üzv ölkələrin bu potensialından tam səmərəli istifadə olunması nəticəsində qarşılıqlı ticarət dövriyyəsinin hazırkı 100 milyard dollardan qısa müddətdə 500 milyard dollara çatdırıla biləcəyini qeyd etdi. Türkiyə Prezidenti iqtisadiyyat, ticarət, nəqliyyat, müdafiə sənayesi, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayaraq D-8 üzvlərinin sayının artırılmasının, qarşılıqlı ticarətin milli valyutalarla aparılmasının təşkilatın daha da güclənməsinə imkan yarada biləcəyini bildirdi.

Azərbaycan Prezidenti İlham Əliyev D-8 IX Zirvə görüşündə çıxış etdi.

Zirvə görüşündə D-8 Şurasının 16-cı, 17-ci və xüsusi sessiyalarının hesabatları dinlənildi, gündəlikdə duran məsələlər müzakirə olundu.

IX Zirvə görüşünə yekun vuran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan D-8-in dünyada sülhün, sabitliyin və rifahın inkişafına bundan sonra da töhfə verəcəyinə əminliyini bildirdi. Türkiyə Prezidenti təşkilatın güclənməsi və böyüməsi üçün bir sıra islahatların aparılmasının vacibliyini diqqətə çatdırdı, qurumun inkişafında fəallığına və Zirvə görüşünün yüksək səviyyədə təşkilinə görə Katibliyə, tədbirdə iştirak edən dövlət və hökumət başçılarına və nümayəndə heyətlərinin rəhbərlərinə minnətdarlığını çatdırdı.

Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Azərbaycan Prezidenti İlham Əliyevin və digər ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə D-8 təşkilatı ilə İslam İnkişaf Bankı arasında Anlaşma Memorandumu imzalandı.

D-8 formatına Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya daxildir. Təşkilatın üzvlərindən ikisi - Türkiyə və İndoneziya “Böyük iyirmilər”in (G-20) üzvüdür. D-8-in fəaliyyətinin əsas məqsədi üzv ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək, iqtisadi və sosial sahələrdə əlaqələri gücləndirməkdir.

Bu qurumun yaranması ideyası İslam Əməkdaşlıq Təşkilatının 1996-cı il oktyabrın 22-də İstanbulda keçirilmiş toplantısında irəli sürülüb. 1997-ci il iyunun 15-də İstanbulda keçirilən dövlət və hökumət başçılarının Zirvə görüşündə D-8 rəsmi olaraq təsis edilib.

Doqquzuncu Zirvə görüşü ilə D-8 təşkilatının fəaliyyətinin 20 illik dövrü əhatə edən birinci mərhələsinə yekun vurulub, yeni mərhələ üçün hədəflər və fəaliyyətin əsas istiqamətləri müəyyənləşdirilib.

x x x

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına səfəri oktyabrın 20-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə