Səfirimiz etimadnaməsini prezidentə təqdim edib

Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfiri Rəhman Mustafayev etimadnaməsini bu ölkənin Prezidenti Emanuel Makrona təqdim edib.

SİA-nın verdiyi məlumata görə, Fransa Prezidenti səfiri bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Səfir R.Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Prezident Emanuel Makrona çatdırıb.

İkitərəfli münasibətlərin yüksək səviyyəsindən məmnunluğunu bildirən Fransa Prezidenti münasibətlərin bundan sonra daha da inkişaf etdirilməsində maraqlı olduğunu söyləyib. O, xoş arzularını və Azərbaycan-Fransa münasibətlərinin daha da inkişaf etdirilməsi üçün birgə işləmək niyyətini Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

Fransa Prezidenti Azərbaycanla iqtisadiyyat, təhsil və mədəniyyət sahələrində əlaqələrin daha da genişləndirməsində maraqlı olduğunu bildirib.

Səfir müsəlman Şərqində ilk demokratik respublika olan və bir çox Avropa ölkələrindən xeyli əvvəl qadınlara səsvermə hüququ verən Azərbaycan Xalq Cümhuriyyətinin gələn il 100 illiyinin qeyd ediləcəyini bildirib. O, Azərbaycan Xalq Cümhuriyyətinin Parisdə tanındığını və onu ilk tanıyan dövlətin Fransa olduğunu diqqətə çatdırıb, bu hadisənin ölkələrimiz və xalqlarımız arasında münasibətləri yaxınlaşdırdığını vurğulayıb.

Müəllif: Ceyhun Rasimoğlu
loading...