YAP xalqın istəyi ilə yaranan partiyadır FOTOLAR

Qaradağda YAP-ın yaradılmasının 25-ci ildönümü münasibətilə növbəti tədbir keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü münasibətilə YAP Qaradağ rayon təşkilatı növbəti tədbirini Qobustan qəsəbəsi, SOCAR Təlim, Tədris Sertifikatlaşdırma İdarəsi Qobustan Regional Təlim Mərkəzi üzrə ərazi ilk partiya təşkilatında keçirib. SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov əvvəlcə yubiley münasibətilə tədbir iştirakçılarını təbrik edib.

YAP-ın yarandığı mürəkkəb şərait, ötən 25 ildə keçdiyi inkişaf yolu və əldə etdiyi uğurlar barədə geniş məlumat verən millət vəkili bildirib ki, YAP Azərbaycanın müstəqilliyinin ilk illərində yaşanmış mürəkkəb hadisələr fonunda xalqımızı və dövlətimizi xilas etmək, Azərbaycanı inkişaf etdirmək missiyası ilə yaradılıb. Ümummilli Liderimiz, böyük dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin xilası və inkişafında müstəsna xidmətlər göstərib: "Yeni Azərbaycan Partiyası iqtidarda olduğu müddətdə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənib, ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb və Azərbaycan regionun lider dövlətinə çevrilib".

Görüşdə "SƏS" qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan YAP-nın keçdiyi 25 illik şərəfli yolundan danışıb. Bildirib ki, ictimai-siyasi proseslərin kifayət qədər mürəkkəb və keşməkeşli axarda cərəyan etdiyi bir vaxtda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan YAP qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən və əsas siyasi qüvvəyə çevrilən təşkilat olub.

B.Quliyev onu da vurğulayıb ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Sədri olduğu və bu gün 700 mindən çox insanı sıralarında birləşdirən YAP müstəqilliyimizin, demokratik-hüquqi-dünyəvi dövlətimizin möhkəmləndirilməsi və dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması proseslərində daim yaxından iştirak edir.

Tədbirdə SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəis müavinləri Dünyamalı Pənahov, Natiq Şərbətov, milli qəhrəman Yusif Əliyev adına 195 saylı tam orta məktəbin direktoru Hüseynli Laçın, Qobustan qəsəbəsi Ağsaqqallar Şurasının sədri Əliyusif Əliyev və başqaları Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildirib və partiyanın gələcək fəaliyyətində uğurlar arzulayıblar.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə