YAP-ın uğurlarının təməlində xalqın sevgisi və etimadı dayanır TƏDBİR

Nizami rayonunda YAP-ın yaranmasının 25-ci və dövlət müstəqilliyimizin 26-cı ildönümü münasibətilə tədbir keçirilib

Nizami rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatı ilə birgə YAP-ın yaranmasının 25-ci və dövlət müstəqilliyimizin 26-cı ildönümü münasibətilə Heydər Əliyev adına Neft Emalı Zavodunda tədbir keçirib. SİA-nın verdiyi məlumata görə, öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Sonra Azərbaycanın dövlət himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra SƏS TV-nin hazırladığı film nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi təşkilatları içərisində istər kəmiyyətcə, istərsə də keyfiyyətcə bərabəri olmayan bir partiyadır: "Sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş Yeni Azərbaycan Partiyası cəmiyyətdə özünəməxsus aparıcı yer tutub. YAP Nizami rayon təşkilatının da partiyanın əldə etdiyi nailiyyətlərdə öz payı var. Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı 1993-cü il sentyabrın 11-də Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun akt zalında 76 nəfərin iştirakı ilə yaranıb. Bu gün isə rayon təşkilatının sıraları kəmiyyət və keyfiyyət baxımından sürətlə genişlənir. Hazırda 143 ərazi ilk partiya təşkilatında 13 mindən çox insan birləşib”.

Çıxış edən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, məşhur "91-lər"in nümayəndəsi Vüqar Rəhimzadə bildirib ki, YAP Azərbaycanın son dərəcə ağır zamanında, ölkədəki hərc-mərcliyin baş alıb getdiyi bir dövrdə yaranıb: “Həmin illərdə Azərbaycanda bir sıra siyasi partiyalar fəaliyyət göstərsələr də, onlar arasındakı daxili çəkişmələr imkan vermirdi ki, ölkədə yaranan böhran aradan qaldırılsın. Azərbaycan müstəqilliyi itirilməyə doğru gedirdi. Bunu görən, xalqının taleyinə laqeyd qala bilməyən insanlar ölkəmizin işıqlı gələcəyi naminə, yeni çağırışlara cavab verə biləcək partiya yaratmaq təşəbbüsü ilə çıxış ediblər. Bu məqsədlə ümummilli lider Heydər Əliyevin ətrafında sıx birləşərək Yeni Azərbaycan Partiyasını yaratmağa nail olublar. 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə təsis konfransı keçirilib və Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsi qəbul edilib, Ümummilli Lider yekdilliklə partiyanın sədri seçilib. Beləliklə də müstəqil Azərbaycanın yeniliyə açıq, xalqın partiyası - Yeni Azərbaycan Partiyası yaranıb”.

“Səs” Media Qrupun rəhbəri Bəhruz Quliyev çıxış edərək vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inamla irəliləyir, inkişafını davam etdirir: "Yeni Azərbaycan Partiyası xalqı öz ətrafına birləşdirərək ümumxalq partiyasına çevrilib, eyni zamanda, ölkədə demokratiyanın inkişafında aparıcı qüvvə kimi özünü təsdiqləyib. YAP-ın amalı xalqa, Vətənə, dövlətə sədaqətlə xidmət etməkdən ibarətdir. Ötən 25 il ərzində partiya bu yolda uğurlu fəaliyyət göstərib. Bu gün YAP ölkəmizin ən güclü və qüdrətli siyasi təşkilatıdır. Azərbaycanın siyasi tarixində YAP qədər güclü, əzəmətli siyasi təşkilat olmayıb. Bunun da ciddi əsasları var. Ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiya xalqımız tərəfindən daim dəstəklənir. YAP uğurlar və qələbələr partiyası kimi yaranıb. Bu uğurlar və qələbələr davamlı olacaq".

Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Elman İsmayılov qeyd edib ki, Yeni Azərbaycan Partiyası bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələləri həll etmək üçün zamanın tələblərinə uyğun olaraq zəruriyyətdən yaranmış bir partiyadır: "Qısa bir vaxt ərzində Yeni Azərbaycan Partiyası xalqın böyük əksəriyyətinin etimadını qazanıb və güclü təşkilati struktur yaradaraq avanqard siyasi qüvvəyə çevrilib. Bu gün Prezident İlham Əliyev YAP-ın fəaliyyət istiqamətlərini daha da genişləndirərək, Ulu Öndərin qarşıya qoyduğu amal uğrunda ətrafına 700 minə qədər insanı toplaya bilib. Bu isə dünənin, bu günün, gələcəyin partiyasının təməlində yalnız xalqın sevgisinin, etimadının dayandığını bir daha sübut edir".

Tədbirdə digər çıxış edənlər diqqətə çatdırıblar ki, Prezident İlham Əliyevin doğma, müstəqil ölkəmizin tərəqqisi, inkişafı, ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı tədbirlər, onun real nəticələri partiyanın hər bir üzvü qarşısında daha məsul vəzifələr qoyur. Qəlbimizdə daim yaşayacaq ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşərək müstəqilliyimizin əbədiləşdirilməsi yolunda rayon təşkilatının hər bir üzvü öz səy və bacarığını əsirgəməyəcək.

Sonda partiyaya yeni üzv qəbul edilənlərə vəsiqələr, partiya işində xüsusi fəallığı ilə seçilən bir qrup şəxsə fəxri fərmanlar və YAP Nizami rayon təşkilatının nəzdində fəaliyyət göstərən Heydər Əliyev Məktəbinin məzunlarına sertifikatlar təqdim edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə