Elmar Məmmədyarov Polşa XİN rəhbəri ilə görüşüb

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Polşa Respublikasının xarici işlər naziri Vitold Vaşçikovski ilə görüşüb.

SİA-nın verdiyi məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə olan məsələlər, habelə müqavilə-hüquq bazası və baxılmaqda olan sənədlərin vəziyyətinə nəzər salındı və yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulanıb. Xatırladıldı ki, bu il Azərbaycanla Polşa arasında diplomatik münasibətlər qurulmasının 25 illiyi qeyd edilir və bununla əlaqədar xarici işlər nazirləri arasında qarşılıqlı təbrik mübadiləsi həyata keçirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu ilin iyun ayında Polşaya rəsmi səfəri və tərəflər arasında əldə olunmuş razılaşmalar, xüsusən də strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin imzalanmasının əhəmiyyəti qeyd edilib.

Vitold Vaşçikovski Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşündən söz açdı və hər iki ölkə arasında yüksək səviyyəli siyasi təmasları yüksək qiymətləndirib.

Nazirlər iki ölkə arasında Hökumətlərarası birgə Komissiya, Azərbaycan–Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrupun fəaliyyətinə, o cümlədən XİN-lərarası siyasi məsləhətləşmələrə toxundular, müxtəlif formatlarda əməkdaşlıq formalarının intensivləşdirilməsinin vacibliyini qeyd ediblər.

Tərəflər, həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa İttifaqı, xüsusən də Şərq Tərəfdaşlığı proqramı, NATO, ATƏT, habelə Vişeqrad qrupu çərçivəsində əməkdaşlığı təqdir etdilər.

Nazirlər regional enerji və nəqliyyat layihələrini, o cümlədən Xəzər dənizinin Azərbaycan sektorundan hasil edilən neft və qazın Avropaya nəqli, eyni zamanda Şimal-Cənub, Şərq-Qərb nəqliyyat marşrutlarının imkanları, iqtisadi və vaxt baxımından üstünlüklərini müzakirə etdilər.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində cari vəziyyətdən danışıb və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinin tələblərinin yerinə yetirilməsinin vacibliyini vurğuladı. Nazir münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini dəstəklədiyinə görə Polşa tərəfinə minnətdarlıq edib.

Görüşdə vurğulandı ki, gələn il Azərbaycanda Polşa məskənlərinin salınmasının 100 illiyi qeyd olunacaq və bu xüsusda, bir sıra ictimai-mədəni tədbirlərin keçirilməsi üçün birgə fəaliyyət proqramı üzərində iş gedir. Eyni zamanda, Polşa Prezidenti Andjey Dudanın Azərbaycana səfər edəcəyinə dair məlumat verilib.

Nazirlər humanitar, turizm, mülki aviasiya və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq, o cümlədən Yaxın Şərqdəki vəziyyət və miqrant məsələlərinə dair fikir mübadiləsi apardılar.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə