Çingiz Qənizadə: “Smit erməni diasporunun təsiri altındadır”

“Bu gün ABŞ-ın Helsinki Komissiyasında keçirilməsi nəzərdə tutulan Dağlıq Qarabağla bağlı dinləmələrin məqsədi erməni işğalına haqq qazandırmaq, ermənini yardıma ehtiyacı olan kimi təqdim etmək, Azərbaycanın yeni hərbi üsullara əl atmaqla torpaqlarının işğaldan azad olunması və ümumiyyətlə bu istiqamətdə gələcəkdə hər hansı bir addımın atılmasının qarşısını almaqdır”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Çingiz Qənizadə deyib.

ABŞ-ın Helsinki Komissiyasının sədri konqresmen Kristofer Smitin anti-Azərbaycan notlar üzərində köklənən ermənipərəst olduğunu deyən deputat söyləyib ki, o hələ 1992-ci ildə məşhur 907-ci düzəlişin layihənin müəlliflərindən biri, eyni zamanda indiyədək Azərbaycan əleyhinə bir çox qərarların qəbul edilməsində aktiv iştirak edən şəxsdir: “Smit erməni diasporunun təsiri altındadır. Ona görə də qəti əminliklə deyə bilərik ki, Helsinki Komissiyasının rəhbəri heç zaman Dağlıq Qarabağın işğaldan azad edilməsi istiqamətində fəaliyyət göstərməyəcək. Görünür Smit ermənilərə hər hansı bir dəstək, beynəlxalq ictimai rəyi onların xeyrinə dəyişdirmək məqsədilə belə bir tədbirə rəvac verib”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə