“Beynəlxalq qurumlar Azərbaycan xalqının sualına cavab verməlidir” AÇIQLAMA

“ABŞ Helsinki Komissiyasının oktyabrın 18-də Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda dinləmələr keçirilməsi faktı onu deməyə əsas verir ki, Qarabağda müharibənin başlanması ehtimalı çoxdur. Aprel döyüşlərində bütün dünya şahid oldu ki, Azərbaycan dövləti öz torpaqlarını geri qaytarmaq üçün hər an müharibə yolu seçə bilər”. Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, milyonlarla insan aprel döyüşlərində daha da qabağa gedərək, tarixi torpaqlarımızın geri qaytarılmasını arzusunda olduğunu nümayiş etdirdi: “Bu faktı dünya birliyi və beynəlxalq təşkilatlar da gördü. Bu səbəbdən onlar istəmir ki, Azərbaycan tərəfi müharibə aparsın. İndiki vəziyyətdə "status-kvo"nu qoruyub saxlamaq istəyirlər. Yəni Azərbaycan torpaqları işğal altında qalmaqda davam etməlidir. Ancaq xalqımız 25 ildir bu vəziyyətə dözür və haqlı olaraq etiraz edirik ki, nə vaxta qədər bu vəziyyətlə barışmalıyıq. İndiki vəziyyət birbaşa Ermənistanın milli maraqlarına cavab verir. Tək Dağlıq Qarabağı deyil, ətraf rayonları da işğal ediblər. Dünya birliyi BMT-nin 4 qətnaməsinin bu günə qədər icra olunmaması ilə bağlı dinləmələr keçirməlidir! Niyə bu günə qədər qətnamələr yerinə yetirilməyib? Bunun cavabını verməlidirlər. Necə olur ki, müsəlman ölkələri ilə bağlı, məsələn, Liviya ilə bağlı qərarlar dərhal icra edilir. Qəddafi qanına qəltan edilir. Ancaq Ermənistanın qeyri-şərtsiz torpaqlarımızdan çıxarılması ilə bağlı qərarı 25 ildir icra edilmir? Səbəb? Beynəlxalq qurumlar Azərbaycan xalqının bu sualına cavab verməlidir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə