Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin dini işlər və dinlərarası harmoniya üzrə federal naziri Sərdar Məhəmməd Yunis ilə görüşüb.

Səfirlikdən SİA-ya verilən məlumata görə, diplomat iki ölkə arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini, Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu qeyd edib, hər iki ölkənin bütün məsələlərdə daim bir-birini dəstəklədiklərini vurğulayıb.

Ə.Əlizadə Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi ili" elan olunduğunu, IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirildiyini bildirib. Səfir həmçinin Azərbaycanın müxtəlif tədbir və konfranslara ev sahibliyi etdiyini, eləcə də bir sıra xarici ölkələrdə Azərbaycanın təşkilatçılığı ilə tədbirlərin keçirildiyini və bu tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb.

Pakistanlı naziri Sərdar Məhəmməd Yunis Azərbaycanın Pakistan üçün ən yaxın və qardaş ölkə olduğunu bildirib, hər iki ölkənin bir-birinə dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Dinlərarası əlaqələrin önəmini qeyd edən nazir, İslam dinin məqsəd və məramlarının aşılanması istiqamətində işlərin aparılmasının zəruri olduğunu, Azərbaycanın həyata keçirdiyi layihələrin yüksək qiymətləndirildiyini, dini işlər sahəsində Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlığa hər zaman hazır olduqlarını diqqətə çatdırıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə