İtaliya Senatında konfrans keçiriləcək

18 oktyabr tarixində İtaliya Senatının binası olan “Palazzo Giustiniani” sarayında “Azərbaycan və İtaliya arasında 25 illik əməkdaşlıq: strateji tərəfdaşlığa aparan yol” adlı konfrans keçiriləcək. SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliyanın “Scenari İnternazionali” online jurnalına müsahibəsində bildirib. Müsahibəsində diplomat tədbir keçiriləcək 18 oktyabr tarixinin Azərbaycan tarixində önəmli günlərdən olduğunu, 1991-ci il həmin tarixdə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktının qəbul edildiyini deyib.

M.Əhmədzadə cari il ərzində Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin 25 illiyi münasibətilə silsilə tədbirlərin keçirildiyini, bu tədbirlərin iki ölkə arasında münasibətlərdə əldə edilmiş nəticələrin geniş ictimaiyyətə təqdim olunması üçün əhəmiyyətli olduğunu qeyd edib, İtaliya Senatında təşkil olunacaq konfransda hər iki ölkədən hökumət və parlament rəsmilərinin iştirak edəcəyini və Azərbaycan-İtaliya strateji tərəfdaşlığının bütün aspektlərinin müzakirə olunacağını bildirib.

Müsahibəsində diplomat, eləcə də Azərbaycan-İtaliya əməkdaşlığı, Azərbaycan-Avropa İttifaqı münasibətləri, Azərbaycanda davamlı inkişafın təmin olunması istiqamətində atılan addımlar və onların nəticələri, ölkəmizdə təşkil olunan beynəlxalq səviyyəli tədbirlərlə bağlı sualları cavablandırıb.

Müsahibə ilə bu linkdən tanış olmaq mümkündür:

https://www.scenari-internazionali.com/azerbaigian-ambasciatore-ahmadzada-nostre-risorse-energetiche-preziose-ue-altro-offrire/

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə