"Prezident seçkiləri Qırğızıstanda demokratik institutların güclənməsinə müsbət təsir edib"

Oktyabrın 16-da ATƏT Parlament Assambleyasının vitse-prezidenti, ATƏT-in seçki müşahidə missiyasının xüsusi koordinatoru Azay Quliyev Qırğızıstandakı prezident seçkiləri ilə bağlı mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, xüsusi koordinator kimi Qırğızıstanın bütün ərazisində fəaliyyət göstərən ATƏT-in Demokratik İnstitutlar və İnsan Hüquqları üzrə Ofisinin, Parlament Assambleyasının, Avropa Şurasının Parlament Assambleyasının və Avropa Parlamentinin ümumilikdə 400-dən artıq qısamüddətli müşahidəçisinə rəhbərlik edən Azay Quliyev seçkilərin ilkin nəticələri barədə bəyanat qəbul etdiklərini deyib.

ATƏT PA-nın vitse-prezidenti qeyd edib ki, oktyabrın 15-də keçirilmiş prezident seçkiləri Qırğızıstanda hakimiyyətin bir prezidentdən digərinə keçidini təmin etməklə demokratik institutların güclənməsinə müsbət təsir edib. Seçkidə rəqabət və beləliklə, seçicilərin geniş seçim imkanı var idi. Namizədlər azad şəkildə təbliğat kampaniyasını apara bilirdilər, texniki cəhətdən seçkilər yaxşı təşkil edilmişdi. Ancaq təbii ki, bir sıra narahatlıq doğuran məqamlar da var idi. Səsvermənin məxfiliyi ilə bağlı problemlərə baxmayaraq, müşahidə aparılan səsvermə məntəqələrində proses səsvermə qaydalarına uyğun təşkil edilmişdi.

ATƏT PA-nın vitse-prezidenti deyib ki, Mərkəzi Seçki Komissiyası tərəfindən alınmış şikayətlərin çox hissəsi kampaniya qaydalarının pozulması ilə bağlı olub. Mərkəzi Seçki Komissiyası şikayətlərin onlayn qeydiyyatını aparırdı ki, bu da şəffaflığı genişləndirirdi. Lakin şikayətlərə baxılsa da, tələb olunan cəzaları tətbiq etmirdi.

Koordinator deyib ki, seçki dinc və şəffaf şəkildə keçib və hər hansı bir hadisə baş verməyib. Mərkəzi Seçki Komissiyasının elan etdiyi seçici fəallığı 56 faiz olub.

Bütün xəbərlər Facebook səhifəmizdə