Daşkəsən rayonunda sahibkarlar, fermerlər və iş adamları üçün işgüzar forum keçirildi

Bu gün Daşkəsən rayonunda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi məqsədilə növbəti işgüzar forumunu keçirdi.

SİA-nın verdiyi məlumata görə, Rayon İcra Hakimiyyətinin iclas zalında keçirilən forumda Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov, İqtisadiyyat Nazirliyinin Gəncə-Qazax regional bölməsinin müdiri Arzu Hacıyev, sahibkarlara müvəkkil kredit təşkilatlarının səlahiyyətli nümayəndələri və ümumilikdə 220 nəfər sahibkarın və aidiyyəti üzrə müxtəlif qurumların rəhbərləri, KİV mənsubları iştirak edirdilər.

SKMF-nin fəaliyyətini özündə əks etdirən filmə baxışdan sonra qurumun əməkdaşı Rəsul Rəsulov fond tərəfindən maliyyələşdirilən prioritet sahələr üzrə hazırlanmış nümunəvi investisiya layihələrini təqdim etdi.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxış edərək sahibkarlığın inkişafına həsr olunmuş işgüzar forumda Gəncə-Qazax iqtisadi rayonundan olan forum iştirakçılarını salamladıqdan sonra Daşkəsən rayonunda aparılan abadlıq-quruculuq işləri, o cümlədən rayonun sosial-iqtisadi inkişafı barədə ətraflı məlumat verdi. O, öz çıxışında dedi:

- Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin çox böyük uğurla apardığı iqtisadiyyatın şaxələndirilməsi siyasəti respublikanın sosial-iqtisadi inkişafının təmin olunmasına, ümumilikdə iqtisadi potensialın artmasına, biznes və investisiya şəraitinin yaxşılaşdırılmasına və əhalinin maddi rifah halının yüksəlməsinə səbəb olmuş, beləliklə ölkənin strateji inkişaf məqsədlərinə çatmağa və qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə hərtərəfli şərait yaratmışdır.

Ölkəmizdə dövlət – sahibkar münasibətlərinin inkişaf etdirilməsi, sahibkarlığın tənzimlənməsi sistemi, sahibkarlıq, biznes sahəsinə aid müvafiq qanunvericiliyin və sahibkarlığa dövlət dəstəyi mexanizimlərinin getdikcə daha da təkmilləşdirilməsi kimi tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Eyni zamanda regionlarda sahibkarlığın inkişafının daha da stimullaşdırılması və əhalinin məşğulluğunun artırılması üçün tədbirlər ardıcıl olaraq icra olunur. Respublikanın şəhər və rayonları əhatə olunmaqla iqtisadi potensial təhlil olunur, əsas istiqamətlər müəyyənləşdirilərək müvafiq sahələr üzrə investisiya layihələri hazırlanaraq sahibkarlara kreditlər ayrılır.

Əminik ki, bugünkü forum Gəncə-Qazax iqtisadi rayonunun, o cümlədən də Daşkəsən rayonunun sosial-iqtisadi inkişafında, sahibkarlığın dəstəklənməsində əhəmiyyətli rol oynayacaqdır.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev çıxışında rayon əhalisinin təklifini nəzərə alaraq rayonda süd emalı müəssisəsinin yaradılmasına ehtiyac və tələbatın olduğunu qeyd etdi.

Bildirdi ki, süd emalı zavodunun yaradılması süd məhsullarına olan Daşkəsənin daxili tələbatını 100 faiz öz yerli istehsalı hesabına təmin etməklə yanaşı rayonda ailə fermer təsərrüfatlarının yaranmasına, heyvandarlığın inkişafına böyük töhfə verəcəkdir.

Xahiş edirəm hörmətli İqtisadiyyat naziri bu təklifimizi də nəzərə alsın.

Daşkəsən rayonunun inkişafını ölkə başçısı cənab İlham Əliyevin daim nəzarətdə saxladığını qeyd edən Əhəd Abıyev forumun işinə uğurlar dilədi, onun yüksək, işgüzar səviyyədə keçməsini arzuladı.

Çıxış edən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun özəl sektorun inkişafında, kreditləşmənin verilməsi mexanizmi, sahibkarlığın inkişafına olan dövlət dəstəyi, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verdi.

Bildirdi ki, bu ilin ötən dövrü ərzində 1326 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 97 milyon manatadək güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə reallaşdırılan investisiya layihələri 4000-dək yeni iş yerinin açılmasına imkan yaradır.

İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Daşkəsən və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 423 min manat güzəştli kredit verildi. Verilən kreditlər heyvandarlıq, üzümçülük, tərəvəzçilik və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması nəticəsində 40-dək yeni iş yerinin açılması mümkün olacaq.

Daha sonra sahibkarlarla müzakirələr aparıldı, Fond tərəfindən Daşkəsən rayonunun iqtisadi potensialına uyğun olaraq, cins heyvandarlıq, kartofçuluq, arıçılıq təsərrüfatlarının, süd emalı müəssisəsinin və hotelin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olundu.

Bütün xəbərlər Facebook səhifəmizdə