“İslam həmrəyliyi: Azərbaycan örnəyi” - SƏS TV YENİLƏNİB

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə bu gün “İslam həmrəyliyi: Azərbaycan örnəyi” mövzusunda konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, əvvəlcə tədbirdə Dövlət himni səsləndirilib. Konfransda DQİDK-nın, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) rəhbər və məsul şəxsləri, dini icma və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, gənclər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

DQİDK sədrinin müavini Gündüz İsmayılov bildirib ki, “İslam Həmrəyliyi İli” ilə bağlı Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev tərəfindən müvafiq tədbirlər planı təsdiqlənib. Həmin tədbirlər planına uygun olaraq DQİDK silsilə konfrans, seminar və müşavirələr keçirir. Bugünkü konfransda da müxtəlif qurum və dini konfessiyaların nümayəndələri ilə birgə ənənəvi dini və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və təşviqi, ölkəmizin İslam həmrəyliyinin əldə edilməsində oynadığı mühüm rol və təsir, bu sahələrdə qazanılan nailiyyətlər və qarşıda duran vəzifələrdən söz açılacaq.

Qeyd edilib ki, “Azərbaycanın İslam həmrəyliyi modeli” İslam dünyasına dəyərli töhfədir və tədbirdə də Azərbaycanda fəaliyyət göstərən müxtəlif dini icmaların nümayəndələri iştirak edirlər.

G.İsmayılov deyib: “Biz Azərbaycanın İslam həmrəyliyi modeli dedikdə ölkə vətəndaşlarının dinindən, milli mənsubiyyyətindən asılı olmayaraq eyni dəyərlər, prinsiplər ətrafında birləşməsini nəzərdə tuturuq. İslam həmrəyliyinin yalnız müsəlmanların birliyi ilə məhdudlaşdırılmasını düşünmürük. İslam həmrəyliyi dedikdə digər dinlərə və mədəniyyətlərə qarşı müsəlmanların formalaşdırılmasını nəzərdə tutmuruq. Bizim üçün İslam həmrəyliyi İslam dünyası ilə iqtisadi, mədəni, idman, mənəvi və digər sahələrdə həmrəy olmaqdır. Eyni zamanda, İslam həmrəyliyi başqa dinlərin nümayəndələrinə qarşı hörmət, onlarla birgəyaşayış mədəniyyəti deməkdir. Bunun ən gözəl örnəyi Azərbaycan dövləti və cəmiyyətidir”.

Gündüz İsmayılov bildirib ki, min illərdir Vətənimizdə müxtəlif dinlərin və xalqların nümayəndələri birgə sülh şəraitində və mehriban şəkildə yaşayırlar. Onların mehriban, qardaşcasına yaşamasında İslam dininin böyük rolu olub. Bugünkü konfrans da məhz bu dəyərlərə həsr olunub.

DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova İslam həmrəyliyinin Azərbaycan nümunəsi ilə bağlı təqdimatla çıxış edib. Bildirib ki, Azərbaycan uzun illər İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub, İslam dininin yayılmasında və müsəlman intibahının bərqərar olmasında mühüm rol oynayıb. Eyni zamanda, tarixən Azərbaycanda müxtəlif dinlərin, mədəniyyətlərin, icmaların, xalqların, etnik qrupların nümayəndələri qarşılıqlı hörmət şəklində bir ailənin üzvü kimi yaşayıblar.

Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev ölkəmizdəki tolerant mühitdən söz açıb, İslam həmrəyliyinin Azərbaycan örnəyinin və modelinin dünyada təbliğ olunmasının vacibliyini vurğulayıblar. Qeyd edilib ki, Azərbaycan həmrəylik ölkəsidir, bu istiqamətdə ölkədə Prezident İlham Əliyev tərəfindən ardıcıl dövlət siyasəti aparılır, burada dini, multikultural dəyərlərə də xüsusi önəm verilir. Bu gün ölkədə müxtəlif dinlərin mənsubları heç bir ayrı-seçkiliklə qarşılaşmır və öz ayinlərini sərbəst şəkildə həyata keçirirlər.

Qafqaz Müsəlmanları İdarəsinin Fətva şöbəsinin müdiri Aqil Şirinov İslamın insanları qardaşlığa, həmrəyliyə dəvət etdiyini vurğulayıb. Şöbə müdiri çıxışında dünyada sünni-şiə məsələsinin süni şəkildə qabardıldığı bir zamanda ölkəmizdə adət halını almış vəhdət namazlarına diqqət çəkib.

Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla bildirib ki, təmsil etdiyi qurum DQİDK ilə birgə “İslam Həmrəyliyi İli” çərçivəsində müxtəlif layihə və tədbirlər həyata keçirir, regionlarda mühazirələr təşkil edir. Eyni zamanda, məscidlərə dini, bədii ədəbiyyatlar hədiyyə edilir. Vurğulanıb ki, “İslam Həmrəyliyi İli” çərçivəsində təşkil olunan mühazirələrdə DQİDK-nın nümayəndələri fəal iştirak edirlər.

BBMM-in layihələr şöbəsinin müdiri Sərxanbəy Xuduyev İslam həmrəyliyinin Azərbaycan nümunəsinin dünyada təbliğ olunması istiqamətində görülən işlərdən söz açıb. Bildirib ki, bu ənənənin və modelin xaricdə təbliğinə böyük ehtiyac vardır.

Konfrans iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.​

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə