Deputat: "Cenevrə görüşündə konkret razılaşmanın əldə olunacağı inandırıcı görünmür" AÇIQLAMA

"Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə cəbhə xəttində atəşkəsin qorunması ilə bağlı əlavə tədbirlərin keçirilməsi müzakirə oluna, hətta bununla bağlı hər iki ölkənin müdafiə nazirlərinə tapşırıq da verilə bilər". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, eyni zamanda görüşdə xarici işlər nazirlərinə mahiyyət etibarı ilə substantiv danışıqların başlanması və intensivləşdirilməsi tapşırığı verilə bilər: "Ümumilikdə görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret razılaşmanın əldə olunması məsələsi inandırıcı görünmür".

Qeyd edək ki, Azərbaycanın Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün tarixini açıqlayıb. Məlumatda bildirilir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə etmək üçün Azərbaycan və Ermənistan prezidentlərinin 16 oktyabr 2017-cı il tarixində Cenevrədə görüşü keçiriləcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə