"AŞPA-da qəbul olunan qətnamələr Azərbaycan üçün kağız parçasından başqa bir şey deyil" AÇIQLAMA

"Avropa Şurasının Azərbaycanla bağlı qərəzli mövqeyi ölkəmizin həmin quruma üzv olduğu gündən özünü göstərməkdədir. Çünki Avropa Şurası diplomatiyadan kənar, daha doğrusu desək xristian dövlətləri üçün yaradılan təşkilatlardır. Buna görə də həmin təşkilatda Azərbaycan və Türkiyənin yeri yoxdur”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Avropa Şurası tərəfindən Türkiyəyə edilən təzyiqləri xatırladan deputat söyləyib ki, bu gün həmin təşkilatda İslam ölkələrinə qarşı böyük bir qərəz hiss olunur.

E. Məmmədovun sözlərinə görə, ümumiyyətlə, Qərb, xristian dünyasına daxili stabilliyə malik, gündən-günə inkişaf edən, nüfuzu artan müsəlman dövləti lazım deyil: “Onlar müsəlman dövlətlərini yalnız işğal, müstəmləkə, daxili qarşıdurma, dövlət çevrilişi şəraitində və daha acınacaqlı vəziyyətlərdə görmək istəyirlər. Acınacaqlı vəziyyəti məhz elə Qərb dövlətlərinin özləri yaradırlar”.

2018-ci ildə ölkəmizdə prezident seçkilərinin keçiriləcəyini deyən deputat qeyd edib ki, Avropa Şurası indidən Azərbaycana qarşı qarayaxma, qərəzli kampaniyalara başlayıb: “Onlar istənilən dövlətdə qarşıdurma yaratmaq üçün demokratiya, insan hüquqları, söz azadlığı amillərindən istifadə edirlər. Uzun illərdir ki, Avropa Şurası bu ifadələri ortaya atmaqla Azərbaycanda qarşıdurma yaratmağa cəhd etsələr də heç nəyə nail ola bilmirlər. Belə olan halda, Avropa Şurasına, bu kimi qərəzli təşkilatlara sual olunur əgər siz həqiqətən də insan haqlarını qoruyursunuzsa, o zaman nəyə görə Ermənistan tərəfindən Azərbaycan torpaqlarını işğal nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşən 1 milyon insanın haqlarını qorumur, onların hüquqlarından danışmır, işğalçı ilə bağlı sanksiya və ya qərar qəbul etmirsiniz?”.

E. Məmmədovun fikrincə Avropaya işğalçılıq, müstəmləkəçiliklə məşğul olan dövlətlər daxildir: “ABŞ-ın özü də vaxtilə avropalılar tərəfindən işğalı olunub. Bu gün ABŞ-ın yerli əhalisi məhv olub, onların yerini avropalılar tutub. Ona görə də bu gün Avropa işğalçı Ermənistan kimisini qoruyur, Azərbaycan kimi müstəqil siyasət irəli sürən ölkəni qəbul etmirlər”.

Deputat əlavə edib ki, AŞPA tərəfindən qəbul olunan qətnamələr, qərarlar Azərbaycan üçün kağız parçasından başqa bir şey deyil: “Azərbaycanın öz inkişaf yolu, müstəqil siyasəti var. Ölkəmiz nüfuzu bundan sonra daha da güclənəcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə