YAP özünü ümumxalq partiyası kimi təsdiqləyib

İyirmi beş il bundan əvvəl ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşən, mütərəqqi insanların arzu və istəyi ilə yaradılan Yeni Azərbaycan Partiyası dahi şəxsiyyətin ideyalarının işığında əsl ümumxalq partiyası kimi özünü təsdiqləyib. Bu fikirlər YAP Şərur Rayon Təşkilatının növbəti şura iclasında təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev tərəfindən səsləndirilib.

Əmir Babayev qeyd edib ki, ötən illər müstəqil Azərbaycanın taleyində bir sıra mühüm hadisələrlə yaddaqalan olub. Azərbaycan dövlətini və onun vətəndaşlarını azad, firavan günlərə qovuşduran güclü iqtisadiyyat yaradılıb, qüdrətli ordu formalaşıb, dövlətçilik möhkəmləndirilib, təhsildə, elmdə, mədəniyyətdə islahatlar aparılıb, qeyri-neft sektoru, xüsusilə kənd təsərrüfatı yüksək inkişaf mərhələsinə qədəm qoyub, idman sahəsində uğurlu nəticələr əldə olunub.

Məruzəçi bildirib ki, 2017-ci ildə də muxtar respublika həyatının bütün sahələrində inkişaf təmin edilib, əvvəlki illərdə olduğu kimi tikinti-quruculuq, abadlaşdırma, yaşıllaşdırma işləri geniş vüsət alıb, iqtisadi inkişafa nail olunub, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılıb. Bütün bu uğurlar Azərbaycanda, eyni zamanda, muxtar respublikada Heydər Əliyev quruculuq xəttinin ardıcıllıqla davam etdirilməsi nəticəsində qazanılıb.

Partiyanın rayon təşkilatının ilin ötən dövründəki fəaliyyətindən danışan Əmir Babayev təşkilatın xətti ilə bir sıra tədbirlər keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, cari ildə də Şərur rayonunda hərtərəfli sosial-iqtisadi inkişafın təmin olunmasında, quruculuq tədbirlərinin geniş vüsət almasında, qarşıda duran vəzifələrin yerinə yetirilməsində partiyanın üzvləri fəallıq nümayiş etdiriblər. Rayon təşkilatının 3 şura, 10 idarə heyəti yığıncağı keçirilib. Qadınlar Şurasının, Gənclər Birliyinin xətti ilə tarixi və əlamətdar günlər, bayramlar münasibətilə “dəyirmi masa”lar, elmi-praktik konfranslar, idman yarışları, tarixi və mədəni yerlərə ekskursiyalar təşkil olunub.

Diqqətə çatdırılıb ki, hazırda təşkilatın əhatə etdiyi 87 ərazi ilk partiya təşkilatının qeydiyyatında 10 min 387 nəfər partiya üzvü var. Bunların 3 min 47 nəfərini, yəni 29 faizini qadınlar, 3 min 185 nəfərini, yəni 30,6 faizini gənclər təşkil edir. Doqquz ayda Yeni Azərbaycan Partiyası sıralarına 84 nəfər qəbul olunub ki, bunların da 40 nəfəri qadın, 78 nəfəri gəncdir. Bundan sonrakı dövrdə də gənclərlə iş diqqət mərkəzində saxlanılmalı, əsasən, bacarıqlı, təşəbbüskar, ictimai işlərə maraq göstərən gənclər partiyanın sıralarına qəbul edilməlidir.

Əmir Babayev qarşıda duran vəzifələrdən də danışaraq qeyd edib ki, əsas vəzifə ötən dövrdə müxtəlif sahələrdə qazanılan uğurları xalqa çatdırmaq, əhali arasında ideya-siyasi işi gücləndirmək, partiya üzvlərinə təmsil etdiyi təşkilatın işində fəal olmağı aşılamaqdan ibarət olmalıdır. Hər bir üzv partiyanın Proqram və Nizamnaməsinin tələblərinə, prinsiplərinə əməl etməli, ictimai-siyasi proseslərdə, mədəni-kütləvi tədbirlərdə və qarşıya qoyulan digər vəzifələrin həyata keçirilməsində fəallıq göstərməlidir.

Bu il YAP-ın yaranmasının 25 illiyi ilə əlaqədar olaraq rayonda Təşkilat Komitəsinin yaradıldığını deyən Əmir Babayev görüləcək işlərə dair tədbirlər planının hazırlandığını bildirib.

Sonra “Kapital Bank” Şərur rayon filialı ərazi ilk partiya təşkilatının sədri Fazil Mehdiyev, Təhsil Şöbəsi ərazi ilk partiya təşkilatının sədri Ədalət Əhmədov və başqaları məruzə ətrafında çıxış ediblər.

Şura iclasında müzakirə olunan məsələlərlə əlaqədar qərar qəbul olunub.

loading...