Bakıda beynəlxalq konfrans keçirilib

Bu gün Azərbaycan Respublikası Veteranlar Təşkilatı, “Qələbənin Varisləri” Beynəlxalq İttifaqının Azərbaycan nümayəndəliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdikləri “Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” mövzusunda beynəlxalq konfrans keçirib.

Beynəlxalq konfransın iştirakçıları 12 oktyabr 2017-ci ildə ümummilli lider Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını, Şəhidlər Xiyabanını və iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət ediblər.

Dünyanın 25 ölkəsindən yüksək səviyyəli qonaqların, Azərbaycan Respublikasının dövlət orqanları, Parlament üzvləri, ictimai təşkilatlarının, veteranlar, ziyalılar, gənclər və media nümayəndələrinin iştirak etdikləri tədbir başlamazdan əvvəl onun iştirakçıları İkinci dünya müharibəsi, Əfqanıstan, Qarabağ və digər müharibələrdə həlak olmuş, itkin düşmüş insanların xatirəsinin 1 dəqiqəlik sükutla yad ediblər.

Beynəlxalq konfransı giriş sözü ilə Respublika Veteranlar Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov açmışdır. O, İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbənin 75-ci ildönümünə hazırlıq çərçivəsində “Qələbənin Varisləri” Beynəlxalq İttifaqının Azərbaycan nümayəndəliyi, Respublika Veteranlar Təşkilatı və Cənclər və İdman Nazirliyinin birgə təşkil etdikləri bu konfransın mühüm əhəmiyyət kəsb etməsindən danışaraq deyib: “Bu günkü Beynəlxalq konfransın Azərbaycan Respublikasında keçirilməsi heç də təsadüfi deyil. Azərbaycan İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbəyə mühüm töhfələr vermişdir. Azərbaycan xalqının müharibəyə göndərdiyi 640 mindən artıq övladından 320 min nəfəri qələbə naminə öz həyatını qurban verib, on minlərlə soydaşımız yaralanıb, minlərləsi itkin düşüb. Azərbaycan xalqı həmin müharibədə təkcə cəbhəyə yola saldığı 5 milli diviziya ilə deyil, bütün potensialı ilə iştirak edib. Bakı neftinin böyük qələbənin qazanılmasındakı rolu tarixi fakt kimi hamıya məlumdur. Bundan əlavə bütün Azərbaycan sənayesi, ümumən iqtisadiyyatı “hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı ilə işləyib və xalqımız dünyaya hər bir soydaşımızın əsrlərlə qürur duyacağı təkrarsız fədakarlıq nümunələri nümayiş etdirib. Azərbaycan oğul və qızlarının şücayəti 124 nəfərin Sovet İttifaqı Qəhrəmanı adı alması, on minlərlə həmvətənimizin orden və medallara layiq görülməsi ilə də tarixə yazılıb. Faşizm üzərində qələbədə mühüm amillərdən biri sözsüz ki, xalqların birliyi olub. Bu amala sadiq qalan Azərbaycan xalqı və dövləti nəinki regionda, bütün dünyada sülhün qorunmasında öz töhfəsini verir və gələcəkdə də buna hazırdır. Ancaq bu gün erməni faşizmi ilə qarşılaşmış, ərazisinin 20 faizi Ermənistanın işğalı altında olan Azərbaycana qarşı münasibətdə təəssüf ki, eyni prinslər həmişə əməl olunmur. Ümid edirik ki, mövzusu birbaşa faşizmin bütün forma və təzahürlərinə qarşı mübarizəyə həsr edilmiş bugünki beynəlxalq konfrans regionda və dünyada sülhün bərqərar olunmasına öz töhfəsini verəcəkdir”.

İlk söz Azərbaycan Respublikası Prezident Admistrasiyası İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini cənab Ərəstun Mehdiyevə verilib.

Ə.Mehdiyev alman faşizmi üzərində böyük qələbədə danılmaz payı olan xalqımızın belə tədbirlərə ev sahibliyi etməsini onun mənəvi haqqı adlandıraraq deyib: “Bu tədbir həm də xalqımızın bütün dünyaya, tərəqqipərvər bəşəriyyətə ünvanlanmış sülh mesajlarıdır. Azərbaycan xalqı sülhsevər və tolerant xalqdır və bütün tarixboyu belə olmuşdur. Azərbaycan bu gün də öz ənənələrinə sadiqdir və dünyada sülhün qorunmasında iştirakı özünün başlıca prioritetlərindən hesab edir. Ancaq bizim 20 faiz torpaqlarımızın bu gün Ermənistan hərbi birləşmələrinin işğalı altında olması faktı yəqin tədbir iştirakçılarına da məlumdur. Azərbaycan prezidenti möhtərəm İlham Əliyev bütün xarici səfərlərində və ölkəmizdə həyata keçirilən rəsmi görüşlərində xarici dövlət başçıları və beynəlxalq ictimaiyyətin diqqətini dəfələrlə bu məsələyə yönəldib. Çünki faşizmlə mübarizə yalnız bir xalqın və dövlətin deyil, özünü sivil dünyanın təmsilçisi sayan hər bir xalqın və dövlətin üzərinə düşən vəzifədir. İkili standartlar kənara qoyulmalı, Ermənistanın birmənalı olaraq təcavüzkar, işğalçı dövlət kimi tanınmalıdır. Məhz belə obyektiv münasibət bölgədə sülhün bərqərar olmasına töhfə verər, yalnız Azərbaycanın ərazi bütövlüyünün təminatı üçün deyil, həmçinin ümumi inkişafa xidmət edən addım olardı. Biz buna ümid edir və məsələnin vaxtında həllini sülhə nail olunmasında mühüm amil sayırıq”.

Ə.Mehdiyev daha sonra İkinci dünya müharibəsinin tarixinin, ümumən tarixin ermənilər tərəfindən saxtalaşdırılması cəhdlərindən danışmış, məqsədli şəkildə həyata keçirilən bu fəaliyyətə Azərbaycanın, onun veteranlarının ötən il qəti etirazlarını bildirmələrini, bir sıra ölkələrin dövlət başçılarına, parlamentlərinə, ictimai təşkilatlarına belə münasibətin yolverilməz olduğunun xüsusi vurğulandığı müraciət göndərdildiyini bildirib.

Sonra söz tədbir iştirakçılarına verilib.

MDB dövlətləri Mərkəzi İcraiyyə Komitəsi sədrinin müavini Jusupbekov Konozbeq Arqınqazinoviç, İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbənin tarixi-mədəni irsini yaşadan “Qələbənin Varisləri” vətəndaş və təşkilatların Beynəlxalq İttifaqının prezidenti Valeri Vasilyeviç Kalyagin, Millət vəkili, tanınmış politoloq Rasim Musabəyov, Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Respublika Veteranlar Təşkilatının əməkdaşı, İkinci dünya müharibəsi veteranı, ehtiyatda olan polkovnik, əməkdar mədəniyyət işçisi, “Qızıl qələm” mükafatı laureatı, “Şöhrət” ordenli Aleksandr Qritçenko, Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev, Gənclər və İdman Nazirliyi Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, “Müstəqil Dövlətlərin Veteranlar İctimai Təşkilatları Beynəlxalq İttifaqı”nın sədr müavini Tkaçenko Vladimir İvanoviç, Moskva vilayət müharibə və hərbi xidmət veteranları Komitəsinin sədr müavini Qaponenko Alfred Qriqoryeviç, Rusiya Qəhrəmanlar Asossiyasının üzvü, Rusiyanın Qəhrəmanı, əməkdar təyyarəçi Alimov Vladimir Rişadoviç, “Döyüşçü qardaşlığı” jurnalı redaksiyasının MMC-nin baş direktoru, Moskva şəhər Yasenovo dairəsi bələdiyyəsinin deputatı Oskin Vladimir Sergeyeviç, “Qələbənin Varisləri” Beynəlxalq İttifaqının vitse-prezidenti, Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyası filialının - Cənubi Rusiya İdarəetmə İnstitunun direktor müavini Trubiçın Andrey Vitaliyeviç, Beynəlxalq İttifaqının Kanada Respublikası nümayəndəliyinin rəhbəri Djoliya Oleq Mamantyeviç, “Arlan” gənclərin vətənpərvərlik mərkəzi ictimai fondunun prezidenti, Kazaxıstan Respublikasının “Biz xatırlayırıq” Astana axtarış saytının təsisçisi Urazbayev Amanjol Zeynaloviç, Moldovanın “Layiqli yaddaş” xeyriyyə fondunun vitse-prezidenti Skripkaraş Anjela İllarionona, “Qələbənin Varisləri” Beynəlxalq İttifaqının Danimarka nümayəndəliyinin rəhbəri İvançenko-Yensen İrina İvanovna, Beynəlxalq İttifaqının Estoniya nümayəndəliyinin rəhbəri Norvind Vladimir Sergeyeviç, Beynəlxalq İttifaqının Kanada Respublikası nümayəndəliyinin rəhbəri Klinayeva Yelena Vladimirovna, Beynəlxalq İttifaqının Belarusun Mogilyev vilayəti nümayəndəliyinin rəhbəri Artyomçik Vitali Viktoroviç, Ukraynanın “Voin” klubunun sədri Pavlov Oleq Oleqoviç, “Qələbənin Varisləri” Beynəlxalq İttifaqının Vorenej şəhər nümayəndəliyinin rəhbəri Şumlyanskaya Valentina Alekseyevna çıxış edərək keçirilən tədbirin əhəmiyyətindən, onun beynəlxalq sülhə töhfə verəcəyinə inandıqlarına əminliklərindən, İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbədə və hazırda sülhün qorunmasında xalqlar birliyinin oynadığı tarixi roldan danışaraq, öz ölkələrində bu istiqamətdə görülən işləri, tədbirləri qeyd etdilər.

Beynəlxalq konfransın işinə Valeri Vasilyeviç Kalyagin yekun vurub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə