Dövlətçiliyin və müstəqilliyin etibarlı təminatçıları

Prezident İlham Əliyevin himayəsi və qayğısı nəticəsində Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyur

Zəngin təbii sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca hədəf seçən gənc müstəqil Azərbaycanın inkişaf konsepsiyasının mühüm tərkib hissəsindən biri də təhsilin, elmin inkişafıdır. Çünki müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir.

Gənclərin hərtərəfli hazırlığının mükəmməl modeli

Son 14 ildə milli təhsil sisteminin inkişafı məsələsi məzmununu dəyişərək ölkəmizin gələcək inkişaf modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gəlib. Prezident İlham Əliyev milli təhsil sisteminin müasirləşdirilməsi, bu sahədə mütərəqqi Qərb təcrübəsinin mənimsənilərək tətbiqi, eyni zamanda tarixən formalaşmış ənənələrin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər bugünkü uğurlarımızı şərtləndirib.

Bu bir həqiqətdir ki, müstəqil Azərbaycanın inkişafında böyük potensiala malik, yenilməz qüvvə kimi fəallıq göstərən gəncliyin cəmiyyətdəki rolu getdikcə artır. Gənclərin hərtərəfli hazırlıqlı mütəxəssis, vətəndaş kimi yetişməsi, təhsil alması, fiziki cəhətdən sağlam böyüməsi, gələcəyini təmin etməsi, öz istəyinə uyğun həyat yolunu seçməsi üçün ölkəmizdə hər cür şərait mövcuddur. Dövlət başçısının gənclərə qayğısı da bu məntiqə əsaslanır. “Azərbaycanı ən qüdrətli ölkəyə çevirək” çağırışına uyğun aparılan islahatlarda yeni nəslin nümayəndələrinin fəallığı hər sahədə hiss olunur.

Böyük potensiala malik gənclər ordusunun cəmiyyətdəki rolu artır

Gənclərin təhsili, asudə vaxtlarının səmərəli, maraqlı və məzmunlu təşkili, milli adət və ənənələrə bağlılıq ruhunun gücləndirilməsi, dünyəvi və bəşəri irsə yiyələnmələri üçün önəmli islahatların aparılması, dünya standartlarına uyğun layihələrin həyata keçirilməsi ənənəvi hal alıb.

Son illərdə Heydər Əliyev Fondunun, xüsusilə də onun prezidenti gənclərin və uşaqların böyük hamisi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə keçirilən, gənclər arasında məşğulluğun və savadlılığın artırılması kimi mühüm əhəmiyyətli problemlərə həsr olunmuş beynəlxalq simpozium və konfranslar ölkə gəncliyinin daha gözəl sabahı üçün nəzərdə tutulan tədbirlərdir.

Azərbaycan regionda yeganə ölkədir ki, müharibə şəraitində yaşasa da, iqtisadi və sosial inkişafı ilə bir çox dünya dövlətlərini üstələyib. Təhsil ocaqlarının inşası, bərpası və yenidən qurulması sahəsində də fərqlənən ölkəmizdə yeniyetmələrin, gənclərin sağlamlığı üçün ən müasir avadanlıqlarla təmin olunmuş Olimpiya kompleksləri, gənclər evləri, mərkəzləri istifadəyə verilib. Bütün bunlar isə yeni nəslin təhsilə, idmana marağının daha da artmasına səbəb olub.

Hazırda ölkədə 350-yə yaxın gənclər təşkilatı, bir çox ali məktəbdə fəaliyyət göstərən tələbə gənclər təşkilatları var. Onların əhatə etdikləri məsələlər də genişdir: gənclərin vətənpərvər ruhda tərbiyəsi, məlumatlandırılması, işsizliyin azaldılması, gənclərin sağlamlığı, təhsili, fəal vətəndaş mövqeyi, mədəniyyətin geniş kütlələr arasında təbliği və s. məsələlər kifayət qədər aktualdır.

Azərbaycanın gənclər hərəkatının ən öncülü isə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyidir. Partiyamız ölkənin ictimai-siyasi həyatında olduqca önəmli rol oynayır. Ətrafında 300 mindən artıq gənci birləşdirərək onları dövlətçilik məramı, Heydər Əliyev irsi və Prezident İlham Əliyevin siyasi kursu ətrafında səfərbər edir. Prezident İlham Əliyevin sədaqətli əsgərləri olan YAP-çı gənclər intellektual qabiliyyətləri, hazırlıqları, kreativ bacarıqları, ideoloji və sağlam mövqeləri ilə dövlətin gənclər siyasətinin uğurla gerçəkləşməsinə layiqincə töhfə verirlər.

Gənclər üçün xüsusi imkanlar yaradacaq yeni dövlət proqramı

Prezident İlham Əliyevin müxtəlif sahələrdə uğurla çalışan gənclər və tələbə gənclər təşkilatlarının nümayəndələri ilə görüşü, dövlət başçısının sərəncamlarına uyğun dövlət proqramlarının qəbulu, Gənclər Fondunun yaradılması müasir gəncliyin dövlətçilik prinsipləri əsasında, vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə olunması, milli-mənəvi dəyərlərə bağlılıq hisslərinin artırılması, ixtisaslı mütəxəssislərin hazırlanması üçün əlavə islahat və layihələrin tətbiqini sürətləndirir. Dünyada gedən prosesləri nəzərə alaraq, növbəti illərdə də Azərbaycan gənclərinin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi, müstəqilliyimizin şüurlu dərk edilməsi və dəyərləndirilməsi, onlar tərəfindən innovativ düşüncə və rəqabətədavamlı biliklərin əldə olunması, yüksək texnologiyalar, informasiya mühitində sərbəst davranışının təşviqini zəruri edir. Gənclər arasında yaradıcılığı, intellektual inkişafı stimullaşdırmaq və əqli mülkiyyətin yüksək dəyər olduğunu təbliğ etmək, ekoloji tarazlığın pozulması və sağlam təbii mühitin məhdudlaşması ilə mübarizədə yeni təsirli formaların tətbiqində gənc nəslin fəal iştirakını dəstəkləmək mühüm əhəmiyyət daşıyır. Gənclərin dini ekstremizm, separatizm, beynəlxalq terrorizm kimi təhlükəli, zərərli təsirin altına düşməsinin qarşısını alan yeni iş metodları tətbiq edilməlidir.

Bütün bu məsələlər dövlət başçısının 15 sentyabr tarixli sərəncamına əsasən təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında öz əksini tapıb. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanan yeni dövlət proqramı gənclərin cəmiyyətin ictimai-siyasi, iqtisadi-sosial və mədəni həyatında fəallığının artırılması üçün xüsusi imkanlar yaradacaq.

Çoxşaxəli tədbirlər planı, başlıca məqsəd və vəzifələr

Dövlət proqramının tədbirlər planı 11 istiqamət üzrə həyata keçiriləcək. Proqramın məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.

Bu sənəd bir sıra vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur. Bunların sırasında gənclərin hərtərəfli inkişafı üçün şəraitin formalaşdırılması, gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliğ edilməsi, gənclərin sağlamlığının qorunması və möhkəmləndirilməsi, sağlam həyat tərzinin təbliğ edilməsi, narkomaniya, toksikomaniya, alkoqolizm və digər neqativ halların profilaktikası xüsusi yer tutur.

Bundan başqa, gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi və gənclərin elmə həvəsləndirilməsi, ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin mütərəqqi ideya və təşəbbüslərinin dəstəklənməsi, gənclərin bilik və bacarıqlarının inkişafı, sahibkarlıq və məşğulluq imkanlarının artırılması, gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, ixtisas və peşə seçimi, əmək bazarı və məşğulluq haqqında məlumatlılıq səviyyəsinin artırılması məsələsi də diqqət mərkəzində olacaq.

İstedadlı və yaradıcı gənclərlə iş daha effektiv və ünvanlı qurulacaq

Yeni dövlət proqramının məqsədləri sırasında həmçinin xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, gənclərin insan hüquqları, gender bərabərliyi haqqında, eyni zamanda insan alverinə, zorakılığa qarşı mübarizə ilə bağlı məlumatlılıq səviyyəsinin artırılması, ekologiya və ətraf mühitlə bağlı biliklərinin artırılması, ailə dəyərləri haqqında və erkən nikahlara qarşı profilaktik maarifləndirmə işinin gücləndirilməsi, gənclərin informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəsinin təşviq edilməsi, istedadlı və yaradıcı gənclərlə işin daha effektiv və ünvanlı qurulması, gənclərə xidmət göstərən dövlət müəssisələrinin (Gənclər evləri və mərkəzlərinin) fəaliyyətinin inkişaf etdirilməsi məsələləri də xüsusi yer tutur.

Bundan başqa, proqrama əsasən yeniyetmə və gənclər üçün faydalı olan maarifləndirici, elmi-kütləvi, televiziya və radio verilişlərinin hazırlanması və yayımlanması, gənclərin asudə vaxtının səmərəli təşkili, gənclərin həyat və düşüncə tərzinin öyrənilməsi və müvafiq təhlillər aparılacaq.

Məhz bu faktlar Azərbaycanda gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsinin olduğunun göstəricisidir və dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar bu təbəqəni cəmiyyətdə aparıcı qüvvəyə çevirməkdədir.

Yeni təfəkkürlü intellektual elita ölkənin inkişafının əsas lokomotividir

Gənclərin intellektual yüksəlişinə sərmayə qoyulması, onların fərdi keyfiyyət və qabiliyyətlərinin inkişafı, nanotexnologiyaları dərindən mənimsəmiş yeni menecerlər sinfinin yaradılması, intellektin milli inkişafda prioritet amil kimi müəyyənləşdirilməsi də hazırda elm qarşısında dayanan əsas vəzifələrdən biridir. Dövlət başçısı çıxışlarında daim vurğulayır ki, iqtisadi resursların insan kapitalının inkişafına yönəldilməsi yolu ilə formalaşan yeni təfəkkürlü intellektual elita ölkənin perspektiv inkişafının əsas lokomotivi - aparıcı qüvvəsi kimi çıxış edəcək.

Yeni dövlət proqramında gənclər siyasəti sahəsində çalışan mütəxəssislərin bilik və bacarıq səviyyəsinin yüksəldilməsi, onların hazırlığı və yenidən hazırlığı üçün mütəmadi tədbirlərin həyata keçirilməsi, gənclərin və gənclər təşkilatlarının ictimai həyatda təşəbbüskarlığının, iştirakının, ölkədə gənclərin könüllülük hərəkatının stimullaşdırılması və yerlərdə intensivləşdirilməsi, gənclərin beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqda iştirakının dəstəklənməsi məsələlərinin qarşıya qoyulan məqsədlər sırasında olması təsdiq edir ki, Azərbaycan gəncləri gələcəkdə siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində daha aktiv rol oynayacaqlar.

Gözlənilən nəticələr, əldə ediləcək nailiyyətlər

Dövlət proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin dövlət büdcəsi, büdcədənkənar dövlət fondları, kreditlər və qrantlar, eləcə də qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.

Sənədin icrasından gözlənilən nəticələrə gəldikdə isə demək olar ki, 2021-ci ilin sonuna qədər gənclər siyasətinin səmərəliliyinin artırılması, gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin fiziki və psixi sağlamlığının möhkəmləndirilməsi, gənclərin iqtisadi fəallığının artırılması və sahibkarlığın inkişaf etdirilməsi, onların intellektual inkişafının və elmi fəaliyyətinin stimullaşdırılması, qeyri-formal təhsil vasitəsilə gənclərin inkişaf etdirilməsi, mədəniyyət və incəsənət sahələrində istedadlı gənclərin üzə çıxarılması və dəstəklənməsi, regionlarda yaşayan gənclərin həyatın bütün sahələrində iştirak imkanlarının artırılması və digər məsələlər öz həllini tapacaq.

Bütün bunlar bir daha təsdiqləyir ki, dövlətin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi gənclər də hərtərəfli yararlanacaqlar.

Azərbaycan gənclərinin inkişaf strategiyası uğurla icra olunur

Prezident İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” ilə dövlət gənclər siyasətində yeni mərhələyə qədəm qoyulduğunu desək, səhv etmərik. Çünki strategiyanın məqsədi 2015-2025-ci illərdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan ölkəmizin mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır.

Strategiyada Azərbaycan gəncliyinin çağırış və hədəfləri iki qrupa bölünür. Sənəddə qeyd olunur ki, ümumbəşəri çağırış və hədəflər qloballaşma ilə əlaqədardır. Bu, gənclərin ümumbəşəri dəyərlərə yiyələnməsini, informasiya cəmiyyətində yaşamaq bacarıqlarının artırılmasını, müxtəlif ölkələrin gəncləri ilə dostluq və əməkdaşlıq münasibətlərinin yaradılmasını, beynəlxalq gənclər hərəkatında iştirakını nəzərdə tutur. Daxili çağırışlar fərdi və ictimai əmin-amanlığı təmin etmək məqsədilə mövcud sosial-iqtisadi imkanlardan gənclərin potensialını gücləndirmək, cavabdehliyini yüksəltmək üçün səmərəli istifadə olunmasını nəzərdə tutur.

Sentyabrın 15-də - Bilik Günündə Bakının Yasamal rayonundakı 20 nömrəli məktəb-liseyin yeni inşa edilmiş binasının açılış mərasimində dövlət başçısı ölkədə aparılan gənclər siyasətini belə dəyərləndirib: “Biz Azərbaycanda elmə, təhsilə, texnoloji inkişafa çox böyük əhəmiyyət veririk ki, gənclərimiz, cəmiyyətimiz bilikli olsun və Azərbaycan da texnoloji inkişaf baxımından geridə qalmasın. Maddi-texniki baza möhkəmlənir, təhsilin keyfiyyəti yaxşılaşır. Bu sahəyə investisiyalar qoyulur, insan kapitalına investisiyalar qoyulur. Beləliklə, əminəm ki, Azərbaycanda cəmiyyətin intellektual potensialı həmişə yüksək həddə olacaqdır”.

Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı ölkədə intellektual, ziyalı potensialının yeni nəslinin yetişməsində özünü göstərir. İqtisadi qüdrəti, milli-mənəvi dəyərlərə sadiqliyi, ordu quruculuğu və digər sahələrdə aparılan islahatlarda gənclərin fəallığı təsdiqləyir ki, gələcəyimizi etibar edəcəyimiz bugünkü gənclik onlara göstərilən etimadı layiqincə doğruldur.

Amil CAVADOV,

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin Şura üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə