Elçin Əhmədov: "Prezidenti BMT kürsüsündən Ermənistanı faktlarla ifşa etdi"

Müasir dövrdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu xarici siyasət strategiyası dövlətlərarası, regional və beynəlxalq əlaqələri daha da genişləndirərək, Şərq və Qərb dəyərlərinin sintezindən yararlanaraq dünya birliyinə sıx inteqrasiya xətti seçib. Həyata keçirilən qlobal miqyaslı tədbirlər bu gün Azərbaycanın dünya miqyasında nüfuzunu xeyli artırıb, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib. Nəticədə Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanıb. Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Hazırda mühüm geosiyasi məkan kimi Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Bu fikirləri azərtac-a açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışına münasibət bildirən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov deyib.

O bildirib ki, bununla yanaşı, BMT Baş Assembleyasının hər ilin sentyabrında keçirilən açılış sessiyaları mühüm əhəmiyyət kəsb edir. Növbəti sessiyada iştirak edən dövlət başçıları dünyanın əsas problemlərinə diqqəti çəkib və beynəlxalq aləmdə mürəkkəb vəziyyətlərdən çıxış yolları göstərilib.

E.Əhmədov hesab edir ki, Azərbaycan Prezidentinin sentyabrın 20-də BMT Baş Assembleyasının sessiyasındakı çıxışı və orada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mühüm fikirləri üzərində ayrı-ayrılıqda dayanmağa ehtiyac var.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin dövlətimizin xarici siyasətində mühüm prioritet istiqamət olduğunu hər zaman vurğulayan Prezident İlham Əliyev BMT Baş Assembleyasının sessiyasındakı faktlara əsaslanan çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərə bir daha aydınlıq gətirərək deyib: “25 ildən çoxdur ki, Ermənistan Azərbaycanın 20 faiz ərazisini - Dağlıq Qarabağı və ölkəmizin digər 7 rayonunu işğal altında saxlayır. Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib”.

Bununla yanaşı, 1992-ci il fevralın 26-da Ermənistanın Xocalının 613 dinc sakinini, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirərək, hərbi cinayət törətdiyini və Xocalı soyqırımının 10-dan artıq ölkə tərəfindən rəsmən tanındığını bildirən dövlətimizin başçısı bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan birinin Ermənistanın hazırkı prezidenti olduğunu ali qurumun tribunasından diqqətə çatdırıb.

Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 4 qətnamə qəbul etdiyini, Təhlükəsizlik Şurası sədrinin 7 bəyanat imzaladığını yada salan Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır”.

Dövlətimizin başçısı Ermənistanın sülh istəmədiyini, status-kvonu nə qədər çox mümkündürsə saxlamaq istədiyini, işğal olunmuş torpaqlardan çəkilmək istəmədiyini vurğulayaraq, təcavüzkar dövlətin yalnız vaxt uzatmaqla məşğul olduğunu bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir irəliləyiş olmamasının əsas səbəblərindən biri kimi ikili standartların mövcudluğunu göstərib. “Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, substantiv danışıqların qarşısını alır. ATƏT-in Minsk qrupunun həmsədrləri - Fransa, Rusiya və ABŞ dəfələrlə bildiriblər ki, status-kvo qəbuledilməzdir. Sual verilir: necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur?”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Ermənistanın Azərbaycana qarşı təcavüz hərəkətlərini davam etdirdiyini faktlarla diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib ki, təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda, Ermənistan diktatorluğunda sanki belə bir illüziya yaradır ki, onlar öz terror siyasətini bundan sonra da davam etdirə bilərlər: “Ötən ilin aprelində Ermənistan şəhər və kəndlərimizə hücum edərək, təmas xəttində növbəti hərbi cinayət törətdi. Bu hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi, onların sırasında bir uşaq da var idi. Bundan əlavə, 26 mülki şəxs yaralandı. Yüzlərlə evlərimiz dağıdıldı. Döyüş meydanında məğlub olan Ermənistan şəhərlərimizə və kəndlərimizə hücum çəkmək kimi məkrli siyasətindən istifadə edir. 2017-ci il iyulun 4-də Ermənistan 82 və 120 millimetrlik mina və qumbaraatanlardan istifadə edərək, Füzuli rayonunun Alxanlı kəndinə məqsədli hücum edib, iki dinc sakini - 2 yaşlı Zəhra Quliyevanı və onun nənəsini qətlə yetirib. 2017-ci il avqustun 7-də Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunda 13 yaşlı oğlan erməni əsgərləri tərəfindən yaralanıb”.

Azərbaycanın öz vətəndaşlarını müdafiə etməli olduğunu bildirən dövlətimizin başçısı 2016-cı ilin aprelində uğurlu əks-hücum nəticəsində Azərbaycanın üç işğal olunmuş rayonunda - Ağdərə, Füzuli və Cəbrayılda bir neçə əraziləri azad etdiyini və öz bayrağını azad edilmiş ərazilərdə qaldırdığını diqqətə çatdıraraq Ermənistanın növbəti təxribatının nəticələrinin onlar üçün daha ağrılı olacağı barədə xəbərdarlıq edib. Azərbaycan Prezidenti deyib: “Beynəlxalq ictimaiyyət erməni faşizminə və terroruna son qoymalıdır. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir, lakin eyni zamanda, Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq”.

E.Əhmədov qeyd edib ki, münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışı beynəlxalq mövqelərimizin möhkəmləndiyini, bir sıra beynəlxalq təşkilatlarda Azərbaycana bir daha dəstək nümayiş etdirildiyini göstərir.

Ümumiyyətlə, münaqişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır. Problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır. Eyni zamanda, münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, ATƏT, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının qərarları da əhəmiyyətlidir və ölkəmizin ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır.

Bütün xəbərlər Facebook səhifəmizdə