Gürcü deputat: "Gürcüstan parlamentində dəyişiklik edilməsi nəzərdə tutulur"

“Gürcüstanda gender bərabərliyi ilə bağlı qanunvericilik bazası var. 2010-ci ildə Gürcüstanda “Gender bərabərliyi” ilə bağlı qanun qəbul edilib. Bildiyiniz kimi Gürcüstanda Konstuitusiya islahatları prosesi gedir. Gələn həftə Konstutusiya ilə bağlı son müzakirələr aparılacaq. Gender bərabərliyində Konstitusiyada daha geniş şəkildə öz əksini tapacaq”. SİA-nın xəbərinə görə, bunu Gürcüstan Parlamentinin Avropaya İnteqrasiya komitəsinin sədri Tamara Xulordava Milli Məclisdə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə “Şərq Tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

Gürcüstanın “İstanbul Konvensiyası”na qoşulduğunu deyən komitə sədri söyləyib ki, bu baxımdan ölkəmizdə yaxşı tərəqqi əldə olunub: “Son dövrlər Gürcüstanda ədliyyə sektorunda tətbiq olunan siyasət cəmiyyətdə müəyyən dəyişikliklərə gətirib çıxarıb. Ölkəmzdə qadınlara qarşı məişət zorakılığı hallarının sayı azalmasa da əvvəllər bu hala Cinayət Məcəlləsi əsasında baxılırdısa, hazırda daha müfəssəl şəkildə baxılır”.

Tamara Xulordava qeyd edib ki, ümumiyyətlə, Gürcüstan məişət zorakılığının aradan qaldırılması baxımından səylərini davam etdirir: “Əvvəllər Gürcüstanda erkən yaşlarda nikaha daxil olmaq ənənəvi hal daşıyırdısa, indi bu, qanunla qadağan edilir. Hazırda bu cür nikahlar qeydə alınmır. Gürcüstanda bununla bağlı məlumatlandırma kampaniyaları aparılır. Müəllimlər də bu təşviqat işində yaxından iştirak edir. Bütün bu işlər nəticəsində ölkəmizdə məsələ ilə bağlı köklü şəkildə dəyişiklik var”.

Komitə sədrinin sözlərinə görə, Gürcüstan parlamentində dəyişiklik edilməsi nəzərdə tutulur: “ Ümumiyyətlə, Gürcüstan qadınların siyasətdə iştirakına görə digər ölkələrdən geridə qalır. Yalnız hakimiyyətin 11 faizini, parlamentdə təmsil olunanların 15 faizini qadınlar təşkil edir. Düzdür, bu göstərici əvvəlki illərlə müqayisədə artıb, amma yenə də bu sahədə dəyişiklik etmək vacibdir “.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə