Prezidentin Azərbaycan davası və milli şuranın yaramazlığı ŞƏRH

Ramin Əhmədov, Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini

Adına milli şura deyilən dəstə yenə mitinq sevdasına düşüb. Bakı şəhər İcra Hakimiyyəti həmişə olduğu kimi bu dəfə də mitinqin keçirilməsinə icazə verib. Müraciətə cavab gələnə qədər müxalifətin dərdi "icazə" idisə, icazə alındıqdan sonra yeni bir problem ortaya çıxdı.

Düşünməyə başladılar ki, "Məhsul" stadionu böyükdür və ötən mitinqlərdə olduğu kimi stadion dolmayacaq, yarısından da çoxu boş qalacaq. Bunun səbəbi aydındır. Əslində özləri də bu aqibətin səbəbini bilirlər. Hamısına məlumdur ki, xalq bunlara etimad göstərmir, çağırışlarına səs vermir, söylədikləri nağıllara da inanmır. Amma mövcud olduqlarını "dayılarına" göstərmək üçün ara-sıra mitinq həvəsinə düşməkdən başqa yolları yoxdur.

Oturub düşünüblər, necə edək, hansı yola əl ataq ki, mitinqə adam çıxara bilək? Qərara gəliblər ki, bu dəfə leksikonlarının xarab tərəfinə güc versinlər və həşəmətli baş bilənlərinin xeyir-duası ilə başlayıblar söyüş qoymağa: "Mitinqə gəlməyən belə-belə olsun...". Müxtəlif saxta profillərdən insanları təhqir edir, heysiyyata toxunur, ən ağır ifadələrdən istifadə edirlər. Görün bunlar hansı vəziyyətdədirlər ki, belə bir iyrənc üsula əl atmaqdan çəkinmirlər. Görün səviyyələri hara qədərdir ki, siyasi aksiyaya küçə söyüşləri ilə iştirakçı cəlb etmək istəyirlər. Amma kəsdirə bilmirlər ki, belə yaramaz davranışları və tərbiyyəsizlik nümunələrini görən vətəndaşın bunlara nifrəti daha da artırır.

Deyirlər ölkədə söz azadlığı boğulur, heç kəs öz fikrini ifadə edə bilmir. Elə isə sual olunur: Əgər söz azadlığı boğulursa, müstəqil fikir bildirmək imkanları hamının əlindən alınıbsa, bəs onda yazdıqlarınız, çağırışlarınız nəyin göstəricisidir? Söz azadlığının boğulduğu yerdə "Mitinqə gəlməyən belə-belə olsun" kimi tərbiyyəsizliklərə yol vermək mümkün olarmı? Kim Facebookda dövlət başçısının hətta şərəf və layaqətinə toxunan ifadələrdən ibarət statuslar paylaşa bilər? Söz azadlığı yoxdursa, fikir müxtəlifliyinə yol verilmirsə, onda kimin hünəri çatıb mitinqlərə çağırış edə və üstəlik bunu müxtəlif söyüşlərlə müşayət etdirər?

Bu gün sosial şəbəkələrdə elə statuslara, elə təhqirlərə rast gəlinir ki, dünyanın heç bir yerində buna dözümlə, səbrlə yanaşmazlar. Amma Azərbaycanda siyasətdən anlayışı olmayan, dünyanın gedişatından baş çıxara bilməyən zombiləşdirilmiş gənclər ağıllarına gələni yazır, məsuliyyət hiss etmədən müxtəlif aşağılayıcı paylaşımlar edirlər.

Görünən odur ki, milli şura adlanan qurumun son nəfəsidir. Çünki söyüşlü təbliğatla yanaşı, digər müxalif partiyalardan mitinqə dəstək ala bilməyiblər. Sadə insanların da bu cür təxribatlara uymayacağı şübhə doğurmur. Çünki hər kəs Azərbaycandakı ictimai-siyasi sabitlikdən razıdır. Azərbaycan xalqı prezident İlham Əliyevə inanır, güvənir və öz taleyinin qarantı hesab edir. Tamamilə iflasa uğramış Əli Kərimli və onun başının dəstəsi isə bunu həzm edə bilmir. Bağlanan yeni neft, qaz müqavilələrini, Azərbaycanın uğurlu inkişafını görməzdən gələnlər bütün nailiyyətlərə kölgə salmağa çalışırlar.

Amma sözsüz ki, bu kimi cəhdlərin heç bir nəticəsi olmayacaq. Aparılan antiazərbaycan təbliğatına baxmayaraq, Azərbaycan dünyada öz sözünü deyir və deyəcək! Əminik! İnanırıq ki, antimilli təbliğatlara baxmayaraq, Azərbaycanı tutduğu yoldan çəkindirmək mümkün olmayacaq. Hansısa qüvvə xalqın Prezident İlham Əliyevə inamını sarsılda bilməz! Bu əminlik həm də Prezident İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışından doğur.

Azərbaycan xalqını daim qürurla təmsil edən İlham Əliyev bu dəfə də dünya liderlərinin qarşısında milli maraqlardan çıxış etdi və növbəti dəfə dünyaya Azərbaycanın haqq sözünü və ədalətli mövqeyini çatdırdı. Dövlətimizin başçısı özünə və imkanlarına böyük güvənc hissi ilə işğalçı Ermənistanın prezidentini "terrorçu" adlandırdı. Cənab prezident o qədər ürəkli çıxış etdi ki, bizim hamımıza qürur yaşatdı, dövlətimizə güvənimizi artırdı. Buna görə ona ancaq təşəkkür düşür. İlham Əliyev bir çıxışı ilə tarix yazdı və dünyanı ədalətə səsləyərək Azərbaycan davası apardı.

Amma baxın, bu gün söyüşlə insanları mitinqə çağıranlar heç bir beynəlxalq təşkilatda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ortaya prinsipial mövqe qoymur, bu barədə danışmır və ümumiyyətlə bu mövzuya toxunmurlar. Milli şuranın işi-gücü yalnız Azərbaycanın uğurlarına kölgə salmaqdır. Bunu xalqımız da görür və odur ki, ayın 23-də keçirilməsi planlaşdırılan mitinqin də əvvəllkilərdən fərqlənməyəcəyinə qətiyyən şübhə etmirik.

Bütün xəbərlər Facebook səhifəmizdə