BMT-də növbəti tarix yazıldı! - ŞƏRH

Prezident İlham Əliyev qurumun sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gedən prosesləri şərh edərək, Serj Sarkisyanın yalan iddialarını alt-üst etdi

Xəbər verildiyi kimi, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 72-ci sessiyasının açılışı olub və Prezident İlham Əliyev həmin sessiyada çıxış edib. Artıq, ölkə rəhbərimizin bu çıxışı bir sıra aparıcı beynəlxalq siyasi dairələr tərəfindən tarixi və mükəmməl çıxış olaraq qiymətləndirilməkdədir.

Ümumiyyətlə, dövlət başçımızın BMT-nin Baş Assambleyasındakı çıxışı zamanı irəli sürdüyü fikir və tezislərdən ilk növbədə belə qənaətə gəlmək mümkündür ki, O, xüsusi olaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gedən proseslər üzərində daha çox dayanaraq, dünya birliyinin diqqətini məhz bu problemə yönəltməyə müvəffəq olub.

“Ermənistan kimi despotik, korrupsiyaya uğramış, uğursuz dövlət uzun illərdir beynəlxalq hüququ pozmağa müvəffəq olur”

Belə ki, “İşğalçı Ermənistan 25 ildən çoxdur ki Azərbaycanın 20 faiz ərazisini - Dağlıq Qarabağı və digər 7 rayonunu işğal altında saxlayır”, - deyə xatırladan Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan işğalçı Ermənistana qarşı beynəlxalq sanksiyaların qəbul edilmədiyini təəssüflə vurğulayıb və qeyd edib ki, belə bir halın mövcudluğu bilavasitə problem ətrafındakı ikili standartların göstəricisidir. Eyni zamanda, ona da işarə vurulub ki, Ermənistanın siyasi rəhbərliyi hər vəchlə status-kvonun dəyişilməz olaraq qalmasını və danışıqlar prosesinin ləngiməsinə, qarşısının alınmasına cəhdlər göstərir: “Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, substantiv danışıqların qarşısını alır. Ermənistan kimi despotik, korrupsiyaya uğramış, uğursuz dövlət uzun illərdir beynəlxalq hüququ pozmağa müvəffəq olur”.

Burada görünən əsas faktorlardan biri də budur ki, dövlət başçımız çıxış etdiyi ali tribunadan birbaşa Ermənistanın cinayətkar rəhbərliyini ittiham etməklə Serj Sarkisyan rejimini diktator və terrorçu adlandırıb. Özəlliklə, Ermənistan rəhbərliyinin Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti ilə yanaşı, öz xalqına da qarşı amansız divan tutmasına baxmayaraq, beynəlxalq aləmin susqunluğu, Ermənistanın despot quruluşuna qarşı sanksiyalar qəbul edilməməsi istər-istəməz təəccüb doğurmaqdadır. Belə olan vəziyyətdə isə hadisələr daha ağır nəticələrə doğru inkişaf etmək ehtimallarını artırır : “Sanksiyaların tətbiq olunmaması Ermənistan diktatorluğunda belə illüziya yaradır ki, sanki öz terror siyasətini davam etdirə bilər”.

“Ermənistan hərbi təxribatı davam etdirərsə, Azərbaycan öz vətəndaşlarını qoruyacaq və təcavüzkarı yenə də cəzalandıracaq”

Prezident İlham Əliyevin BMT-nin Baş Assambleyasında 20-ci əsrin sonlarında baş vermiş Xocalı qətliamı barədə də fikirlərini yürüdüb və həmin cinayətin bəşər tarixinin ən ağır cinayəti olaraq qiymətləndirildiyini vurğulayıb. Halbuki, həmin qanlı cinayətin baş verməsinə rəğmən, dünya birliyi onun törədilməsində bilavasitə iştirakçı olmuş Ermənistan prezidenti Serj Sarkisyana qarşı beynəlxalq hüquq çərçivəsinə əsaslanan iddialar irəli sürmür, eləcə də onun rəsmən cinayətkar elan olunmasını tələb etmir.

“Xocalı soyqırımını törətmiş Ermənistanın bu gün də dinc azərbaycanlı əhaliyə qarşı hərbi cinayətlərini davam etdirir”-deyə xatırladan dövlət başçımız bir daha BMT-nin Baş Assambleyasının tribunasından bəyan edib ki, Xocalıda azərbaycanlılara və bəşəriyyətə qarşı dəhşətli cinayət törədən hərbi kriminallardan biri Ermənistanın hazırkı prezidentidir. Eləcə də Ermənistan milli azlıqların olmadığı, monoetnik və ksenofobiyanın dövlət siyasətinə çevrildiyi dövlətdir. Dövlət başçımız beynəlxalq birliyin Ermənistan rejiminin faşizm və terror siyasətinə son qoyulmalı olduğunu bir daha xatırladıb.

Məhz bu baxımdan, Prezident İlham Əliyev dünya birliyinin ölkəmizin ədalətli mövqeyinə qarşı susqun qalacağı, Ermənistanın işğalçılıq siyasətini yürüdəcəyini davam etdirəcəyi təqdirdə düşmənin təxribatlarına sərt cavab veriləcəyini bəyan edib: “Ermənistan hərbi təxribatı davam etdirərsə, Azərbaycan öz vətəndaşlarını qoruyacaq və təcavüzkarı yenə də cəzalandıracaq”.

“Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən ifadə, mətbuat, yığıncaq və dini azadlıqlar tam şəkildə təmin edilir”

Prezident İlham Əliyev Ermənistanın daha acınacaqlı vəziyyətə düşməməsi üçün bir daha vurğulayıb ki, beynəlxalq aləm bu məsələni diqqətdə saxlamalıdır: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalıdır”.

BMT-nin Baş Assambleyasının sessiyasında çıxış edən dövlət başçımız xüsusilə vurğulayıb ki, xaos və anarxiyanın hökm sürdüyü Ermənistandan fərqli olaraq, Azərbaycan müasir, sabit, demokratik ölkədir və demokratik inkişaf, insan hüquqlarının müdafiəsi dövlət siyasətinin əsas prioritetlərindəndir: “Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən ifadə, mətbuat, yığıncaq və dini azadlıqlar tam şəkildə təmin edilir. Bütün etnik qruplar və dinlərin nümayəndələrinin sülh və harmoniyada yaşadığı Azərbaycan dünyanın multikulturalizm mərkəzlərindən biridir”.

Söz yox ki, bu kimi amillərin əldə edilməsi üçün inkişaf faktoru əsas olaraq götürülür. Məhz Azərbaycanın inkişaf və tərəqqi yolunu tutması xalqın dövlətlə birgə addımlamasına, hakimiyyətə dəstək göstərməsinə kifayət qədər zəmin yaratmış olur. Bu baxımdan, Prezident İlham Əliyev qeyd edib ki, iqtisadi inkişaf sahəsində böyük uğurlar əldə etmiş Azərbaycanda başlıca məqsəd vətəndaşların rifah halının daha da yaxşılaşdırılmasıdır.

“Azərbaycanın uğurlu inkişafı göstərir ki, yalnız azad, müstəqil, ölkənin taleyi xalqın əlində olduğu halda nailiyyət əldə etmək mümkündür”

Həmçinin, ölkəmizin bir sıra beynəlxalq və regional layihələri reallaşdırması fonunda mövcud olan həqiqətlərdən biri də budur ki, Azərbaycan xalqı hakimiyyətlə vahidlik təşkil edir və atılan hər bir addıma dəstək verir. Bu baxımdan, “Azərbaycan beynəlxalq bazarlarda etibarlı neft və qaz təchizatçısı kimi tanınır və bir çox ölkənin enerji təhlükəsizliyini təmin edir”-deyə vurğulayan dövlət başçımız BMT-nin ali tribunasından bu önəmli fikirlərini ifadə edib: “Azərbaycan Avrasiyada aparıcı nəqliyyat qovşaqlarından birinə çevrilmək istiqamətində öz coğrafi mövqeyindən müdrikcəsinə istifadə edir. Azərbaycanın uğurlu inkişafı göstərir ki, yalnız azad, müstəqil, ölkənin taleyi xalqın əlində olduğu halda nailiyyət əldə etmək mümkündür”.

Beləliklə, Prezident İlham Əliyevin BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında vurğuladığı hər bir fikir tarixi aspektlərə və reallıqlara söykənir və beynəlxalq birlik tərəfindən də yüksək şəkildə qiymətləndirilməkdədir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə