“Prezidentin BMT sessiyasında çıxışı erməni yalanlarının ifşa edilməsi baxımından səciyyəvi oldu” MÜNASİBƏT

“Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışında etdiyi çıxış həm Azərbaycan həqiqətlərinin nüfuzlu beynəlxalq aktorlara çatdırılması, həm də despotik erməni rejiminin yalanlarının ifşa edilməsi baxımından səciyyəvi oldu”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Millət vəkilinin sözlərinə görə, Dövlət başçısı sessiyada çıxışı zamanı ilk növbədə orta əsr təfəkkürü ilə yaşayan despotik və korrupsiyaya uğramış hərbi xunta rejiminin hələ də Azərbaycan torpaqlarını işğal altında saxladığını diqqətə çatdıraraq, bunun yolverilməz olduğunu bildirdi: “Prezident İlham Əliyev bu işğalda azərbaycanlılara qarşı soyqırımı törədənlərdən birinin elə Ermənistan prezidenti olduğunu söyləyərək bu vaxta qədər problemin həll edilmədiyinin səbəbi kimi dünyada mövcud olan ikili standartları göstərdi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməməsinin anlaşılmaz olduğunu vurğulayan Prezident İlham Əliyev artıq belə məsələlərin öz həllini tapması üçün BMT-də müvafiq mexanizmlərin yaradılmasının vaxtının çatdığını bildirdi”.

H.Babaoğlunun sözlərinə görə, bu təklif hazırda islahatların aparılmasının zəruru olduğu bildirilən ən nüfuzlu beynəlxalq təşkilat olan BMT-nin yenidən təşkilatlanaraq daha effektiv fəaliyyət göstərməsi baxımından olduqca aktual idi: “Çünki beynəlxalq münasibətlərin hazırki mürəkkəb mərhələsində BMT-yə üzvü olan çoxsaylı dövlətlərin ərazi bütövlüyü pozulur, beynəlxalq hüququn tələbləri yerinə yetirilmir, BMT tərəfindən tanınmış sərhədlər siyasi xəritədən silinir. BMT isə bunların qarşısını almaq üçün müvafiq struktura malik deyil. Belə olan halda isə dünyanı xaos bürüyür, etnik seperatçılıq baş alıb gedir, milli dövlətlər dağılır ki, bu da beynəlxalq münasibətlərin gələcəyi üçün yaxşı heç nə vəd etmir”.

“Prezident İlham Əliyev BMT tribunasından bir daha Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini diqqətə çatdıraraq, hazırki mərhələdə Ermənistana beynəlxalq sanksiyaların tətbiq edilməsinin vacib olduğunu bildirdi. Dövlət başçısı eyni zamanda qeyd etdi ki, İslam Əməkdaşlıq Təşkilatına üzvü olan ölkələr işğalçı Ermənistanla münasibətlərə məhdudiyyətlər qoymalıdırlar. Bu fikirlər təkcə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması baxımından deyil, həm də istər post-sovet məkanında, istərsə də Yaxın Şərqdə bənzər problemlərin həlli yollarının tapılması baxımından olduqca rasional və düzgün fikirlər idi. Əgər BMT doğurdan da öz nizamnamə tələblərinin və beynəlxalq hüququn yerinə yetirilməsini istəyirsə, mümkün islahatlar prosesində bunları nəzərə almalıdır. Prezident İlham Əliyev işğalçı Ermənistana bir daha xəbərdarlıq edərək bildirdi ki, Aprel döyüşləri təkrarlana bilər.O na görə də beynəlxalq birlik Ermənistan rejiminin faşizm və terror siyasətinə son qoymalıdır”- deyə, deputat vurğulayıb.

H.Babaoğlu qeyd edib ki, Azərbaycan Prezidenti tərəfindən yüksək tribunadan səsləndirilən cəsarətli fikirlər əslində Ermənistanla bərabər, onun işğalçılıq siyasətinə bu və ya digər səviyyədə dəstək verən ölkələrə ünvanlanmış məsaj idi: “Prezident İlham Əliyev bir daha diqqətə çatdırdı ki, Azərbaycan inkişaf edən, hüquqi demokratik dövlətdir. Ölkəmizdə ksenofobiya, etnik və dini ayrı-seçkilik yoxdur. Azərbaycan çox böyük regional və beynəlxalq layihələr həyata keçirir. Bu layihələr ətrafında olduqca geniş əməkdaşlıq platforması yaranıb. Ölkəmiz beynəlxalq dialoq və tərəfdaşlıq məkanına çevrilib. Azərbaycanın beynəxalq nüfuzu daima artır. Həyata keçirilən bu siyasət sayəsində regionumuzda sabitlik hökm sürür. Ona görə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir. Bütövlükdə Prezident İlham Əliyevin BMT Baş Asambleyasındakı çıxışı ən aktual beynəlxalq və regional problemlərin həlli ilə bağlı irəli sürülən rasional təkliflərlə yadda qalmaqla yanaşı, Azərbaycanın mühüm və nüfuzlu tədbirdə ən yaxşı təqdimatı kimi səciyyəvi oldu”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə