"Prezident konkret və prinsipial mövqe nümayiş etdirdi" MÖVQE

"Azərbaycan Prezidenti İlham Əliyev xarici ölkələrin, nüfuzlu beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri ilə görüşlərində, qlobal əhəmiyyət daşıyan mötəbər tədbirlərdəki çıxışlarında ölkəmizin ədalətli mövqeyini qətiyyətlə diqqətə çatdırır. Bu baxımdan Prezident İlham Əliyevin sentyabrın 20-də Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışı da xüsusilə xarakterikdir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, deputat Sevinc Fətəliyeva deyib.

Deputatın sözlərinə görə, BMT-nin ali tribunasından Azərbaycanı dünyaya sosial-iqtisadi cəhətdən uğurla inkişaf edən, qlobal miqyasda mədəniyyətlərin yaxınlaşmasına böyük töhfə verən ölkə kimi təqdim edən Prezident İlham Əliyev eyni zamanda diqqəti ölkəmizin ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinə yönəltdi: "Azərbaycanın dövlət başçısı çıxışında BMT-də islahatların aparılmasının, xüsusilə Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin təmin edilməsi olduğunu vurğuladı. Prezident İlham Əliyev həm də konkret və prinsipial mövqe nümayiş etdirərək ölkəmizin münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu, bunun üçün isə Ermənistanın konstruktiv mövqedən çıxış etməsinin vacibliyini dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Dövlətimizin başçısı BMT-nin yüksək tribunasından bir daha Ermənistanın işğalçılıq siyasətini ifşa etdi və Ermənistanın faşizmini, azərbaycanlılara qarşı soyqırımını faktlarla diqqətə çatdırdı. Bütövlükdə, Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasında milli maraqlarımızın müdafiəsi baxımından parlaq çıxış etdi".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə