Bahar Muradova: “Sarkisyanın söylədikləri onun qeyri-ciddi fiqur olduğunu göstərir” AÇIQLAMA

“Ermənistan prezidentinin çox zaman açıqlamaları, çıxışları qarşı tərəfə danışıqların aparılmasının mənasızlığını anlatmaq məqsədi daşıyır. Sarkisyan anlayır ki, danışıqlar prosesinin iştirakçısı olub bu danışıqların vacib və məsələnin sülh yolu ilə həllinin yeganə çıxış yolu olduğunu söylədikdən sonra bu cür bəyanatlar vermək mənasızdır. Bunu bilərəkdən etdiyi də göz önündədir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

Onun sözlərinə görə, Sarkisyan bilərəkdən danışıb, başqa cür hərəkət etməyin siyasətçiyə uğur, divident gətirmədiyini öz həyatında hiss etməkdədir: “Bəlkə də ölkə içərisində əhalinin ona qarşı neqativ münasibəti, xalq arasında dayaqlarının sarsılması Sarkisyanı BMT-nin yüksək tribunasından belə bir çıxışla öz vəziyyətinin yaxşılaşdırılmasına yönəlik mesajlar verməsinə vadar edir. Bu, Ermənistanın əvvəlki gücə malik, Dağlıq Qarabağ üçün hər şeyə getməyə hazır olduğunu və heç bir güzəştə getməyəcəyi görüntüsü yaratmasıdır. Düşmən ölkənin XİN başçısı Edvard Nalbadyanın ərazilərin nə vaxtsa Azərbaycana qaytarmalı olduqlarını vurğulamasına rəğmən ondan bir gün sonra Sarkisyanın BMT kürsüsündə bu sayaq çıxışı məhz yuxarıda söylədiyim səbəblərə bağlı olduğu açıq şəkildə göstərir”.

Vitse-spiker vurğulayıb ki, siyasətçiyə o zaman ciddi münasibət olur ki, onun fikri ilə əməli üst-üstə düşsün: “Sarkisyanın söylədikləri ilə əməlinin üst-üstə düşməməsi onun getdikcə qeyri-ciddi fiqura çevrildiyini göstərir. Bunun nə ona, nə də təmsil etdiyi Ermənistan dövləti və xalqına heç bir xeyri yoxdur”.

BMT-nin sözügedən çıxışla bağlı hər hansı addım atmasına gəlincə B. Muradova bildirib ki, əgər BMT addım atmaq istəsəydi bunu 25 il müddətində atardı: “Niyə BMT 25 il ərzində bu cür vəziyyətlərdə öz qəbul etdiyi qərarların icra olunması üçün mexanizmlər yaratmadı?

Azərbaycan Prezidenti İlham Əliyev də BMT-də çıxışında bildirdi ki, təşkilatın fəaliyyətində əsas dəyişiklik onun öz qəbul etdiyi qərarların həyata keçirilməsi mexanizmini tapması olmalıdır. Təşkilat çərçivəsində aparılan struktur islahatlarında bu da nəzərdə tutulmalıdır. BMT-nin onsuz da öz qəbul etdiyi sənədləri dərhal icra etmək üçün o qədər də ciddi mexanizmləri yoxdur. Əgər hansısa qərarların icrasını misal gətiririksə, o zaman biz böyük dövlətlərin özünün iradəsinin, siyasi mövqeyinin burada böyük rol oynadığını xüsusi vurğulamalıyıq. Mən BMT-nin bir təşkilat olaraq böyük dövlətlərin marağından kənar addım atdığını görməmişəm”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə