BMT tribunasından Ermənistana sərt xəbərdarlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 72-ci Sesiyasında iştirak ediblər. Səfər çərçivəsində Azərbaycan Prezidenti BMT-nin baş katibi Antonio Quterres ilə görüşüb. Görüşdə Azərbaycanla BMT arasında əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd olunub. Prezident İlham Əliyev Azərbaycanın BMT çərçivəsində böyük işlər gördüyünü qeyd edərək ölkəmizdə BMT-nin Sivilizasiyalar Alyansının qlobal forumlarının, mədəniyyətlərarası dialoq forumlarının keçirilməsindən danışıb və bu cür layihələrin ölkəmizdə davam etdiyini qeyd edib. Bunu SİA-ya açıqlamasında millət vəkili Rauf Əliyev deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sesiyasındakı açliş mərasimindəki çıxışı çox maraqla qarşılanıb: "Cənab Prezident öz çıxışında Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasəti bir daha dünya ictimaiyətinin nəzərinə çatdırdıaraq qeyd etdi ki, 25 ildən çoxdur Ermənistan Azərbaycanın 20% ərazilərini – Dağlıq Qarabağı və ətrafındakı 7 rayonunu işğal altında saxlayır.

1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyri-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. Ermənistan 24 ildir ki, bu qətnamələrə məhəl qoymur və əfsuslar olsun ki, o buna görə cəzalandırılmır. Prezident çıxışında bildirdi ki, bəzi hallarda BMT-nin qətnamələri bir-neçə gün ərzində icra olunur. Azərbaycana gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu ikili standartlara əsaslanan yanaşmadır. O bu məsələ ilə bağlı Ermənistana qarşı sanksiyaların qəbul edilməsinin zəruriliyini qeyd etmişdir".

R.Əliyev Prezidentin çıxışından sitat gətirib: “Sual olunur, necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür koorupsiyaya uğramış, uğursuz bir dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyənatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab ikili standartlardır. Təcəvüzkara heç bir təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır”.

Millət vəkili əlavə edib ki, Prezident bu çıxışında dünya ictimaiyyətinin diqqətini bir daha bu münaqişəyə yönəltdi: "Eyni zamanda təcəvüzkar Ermənistana ciddi xəbərdarlıq edərək bildirdi ki, Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin Xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcəvüzkar 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandırılacaq. Cənab Prezident öz çıxışında müstəqillik illərində Azərbaycanın sürətlə inkişaf etdiyini, böyük uğurlar əldə etdiyindən danışaraq qeyd etmişdir ki, Azərbaycanın sürətli inkişafı bir daha göstərdi ki, yalnız azad və müstəqil olduqda, ölkənin taleyi öz xalqının əlində olduqda uğur əldə etmək olar. Azərbaycan xalqının ən böyük xoşbəxtliyi ondan ibarıtdir ki, biz xalqımızın milli maraqlarına əsaslanan müstəqil siyasət aparan müstəqil ölkədə yaşayırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə