Ekspertlər: Prezidentin çıxışı qətiyyətli idi RƏYLƏR

Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında etdiyi çıxışları və səsləndirdiyi bəyanatları ilk növbədə sübut etdi ki, Azərbaycan möhkəm təməllərə söykənən və əsaslı demokratik dəyərlərə cavab verən ölkə kimi inkişaf yolunu sürətlə davam etdirən dövlətlər sırasında yer alıb. O cümlədən, qısa müddət ərzində görülən işlər, xüsusilə nəhəng beynəlxalq sosial-iqtisadi layihələrin reallaşdırılması ətrafında irəli sürülən fikirlər, eləcə də insan hüquqlarının və azadlıqlarının qorunması, demokratik dəyərlərin inkişafı ölkəmizin dinamik tərəqqisinin bariz göstəricisi olaraq qiymətləndirildi.

Dövlət başçısının çıxışı ilə bağlı müraciət etdiyimiz politoloqlar da SİA-ya açıqladıqları fikirlərində vurğuladılar ki, Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli çıxışı BMT-nin Baş Assambleyası tarixində rastlanan nadir və uzun illər yadda qalacaq fikirlər kimi dəyərləndirilə bilər.

Politoloq Arzu Nağıyev: “Prezident İlham Əliyev də öz fikirlərini irəli sürərkən vurğuladı ki, Dağlıq Qarabağda baş verən proseslərdə, Azərbaycanın ərazilərinin işğalında, Xocalı soyqırımının baş verməsində birbaşa cavabdehlərdən biri hazırda prezident kürsüsündə əyləşdirilmiş Serj Sarkisyandır”

Politoloq Arzu Nağıyev ölkə başçısının qətiyyətli və əhatəli çıxışı ilə bağlı münasibətini açıqlayarkən deyib ki, Prezident İlham Əliyev öz mövqeyi ilə işğalçı dövlətin başçısını demək olar ki, nokaut vəziyyətinə salaraq, dalana sıxışdırdı: “Sarkisyan öz ampluasına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsində status-kvonu saxlamağa cəhd edilən çıxışları ilə yadda qalmağa çalışırdı”-deyə xatırladan Arzu Nağıyevə görə, Sarkisyanın belə bir mövqe sərgiləməsi bir daha göstərdi ki, onun düşüncələri dövlət başçısının deyil, uzağı bir səhra komandirinun fikirləridir: “Məhz Prezident İlham Əliyev də öz fikirlərini irəli sürərkən vurğuladı ki, Dağlıq Qarabağda baş verən proseslərdə, Azərbaycanın ərazilərinin işğalında, Xocalı soyqırımının baş verməsində birbaşa cavabdehlərdən biri hazırda prezident kürsüsündə əyləşdirilmiş Serj Sarkisyandır”.

Politoloq həmçinin digər bir amilə də toxunaraq qeyd etdi ki, ortada Azərbaycanın əzəli torpaqlarının işğal altında olmasına baxmayaraq, dünya birliyi bu məsələyə ikili standartlardan yanaşır. Lakin ölkə başçımızın tarixi çıxışı, Qarabağ münaqişəsində, danışıqlar prosesində cərəyan edən amilləri təhlil etməsi bir daha dünyanın diqqətini həmin istiqamətə tərəf yönəltmiş oldu: "Halbuki, ortada işğalçılıq faktları ola-ola bütün dünya Dağlıq Qarabağ münaqişəsinin həllinə ikili standartlardan yanaşır. Necə ola bilər ki, anormal bir şəxsin dağıtdığı dövlət bütün dünyanın gözü qarşısında işğalçılıq siyasətini yürüdür? Məhz bu kontekstdən çıxış edən ölkə rəhbərimiz öz fikirlərində bütün bunların hər birini ən xırda detalınadək vurğuladı və bütün dünyaya bəyan etdi ki, Serj Sarkisyan işğalçı səhra komandirliyindən həmin vəzifəyə əyləşdirilib”.

Politoloq Elçin Mirzəbəyli: “Prezident Aprel döyüşlərini nümunə gətirməklə işğalçıların sülhə məcbur edilməyəcəyi təqdirdə hərbi əməliyyatların başlaya biləcəyi ehtimallarını irəli sürdü... Bu, işğalçıya münasibətdə müharibə anonsunun verilməsi idi”

Politoloq Elçin Mirzəbəyli isə öz növbəsində bildirdi ki, ümumiyyətlə, Azərbaycan Prezidentinin çıxışı son illərdə BMT-nin Baş Assambleyasında edilmiş ən cəsarətli çıxış kimi qiymətləndirmək olar. “Ona görə ki, dövlət başçısı beynəlxalq hüquqdan və öhdəliklərdən irəli gələn addımların atılmadığını, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrinin icra edilmədiyini vurğulamaqla kifayətlənmədi”-deyə qeyd edən politoloq bildirib ki, Azərbaycanın dövət başçısı dünya dövlətləri qarşısında ərazilərimizin işğal altında qalacağı ilə barışmayacağını bildirib: “Cənab Prezident Aprel döyüşlərini nümunə gətirməklə işğalçıların sülhə məcbur edilməyəcəyi təqdirdə hərbi əməliyyatların başlaya biləcəyi ehtimallarını irəli sürdü. Yəni faktiki olaraq bu, işğalçıya münasibətdə müharibə anonsunun verilməsi idi”.

Elçin Mirzəbəyliyə görə, Prezident İlham Əliyev hamının başa düşəcəyi dildə bildirdi ki, əgər beynəlxalq öhdəliklər yerinə yetirilmirsə, ikili standartlar davam edirsə, Təhlükəsizlik Şurasının daimi üzvlərinin maraqlarını təmin edən və digər dövlətlərlə bağlı qəbul edilmiş qətnamələrin icrasını həyata keçirilməsinə dərhal nail olunursa, Azərbaycanın isə qəbul edilmiş qətnamələrə rəğmən torpaqları qeyd-şərtsiz işğaldan azad olunmursa, bu zaman şübhəsiz ki, ölkəmizin öhdəsinə öz torpaqlarını işğaldan azad etmək düşür: “Nəzərinizə çatdırım ki, BMT-nin tribunasından çox nadir hallarda belə fikirlər səsləndirilir, bu cür anonslar verilir. Həmçinin, Qarabağ münaqişəsi dünyada ikili standartlarının mövcudluğunun ən bariz nümunəsidir. Çünki digər faktorlar gözümüzün önündə var və Ermənistanla müqayisədə dəfələrlə güclü olan dövlətlərə qarşı müvafiq sanksiyalar tətbiq edilir və sülhə məcbur etmək istiqamətində addımlar atılır”.

Politoloq erməni prezidentinin maskasının yırtıldığını vurğulayıb: “Digər amil şübhəsiz ki, Ermənisatan prezidentinin maskasının yırtılmasıdır ki, Azərbaycan Prezidenti bir neçə ifadə ilə hətta Sarkisyanın adını çəkmədən onun mahiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Bu nədən ibarətdir: Cənab İlham Əliyev bəyan etdi ki, Ermənistan prezidenti hərbi xuntanın başçısıdır, cinayət yolu ilə hakimiyyəti mənimsəyib və bu şəxs azərbaycanlılara qarşı soyqırımının həyata keçirilməsi prosesində aparıcı mövqe tutub, bilavasitə Xocalı canisidir, qatildir və belə bir qatilin Azərbaycanın ünvanına hər hansı fikir sdəsləndirməsinə mənəvi haqqı yoxdur.

Digər amil isə şübhəsiz ki, Sarkisyanın səsləndirdiyi fikirlərin dolayısı ilə alt-üst edilməsidir. Sarkisyan hakimiyyətdə olduğu dövrdə ölkəsində hər hansı bir nailiyyətə imza atması ilə bağlı fikir səsləndirmədi. Çünki bu fikir yoxdur, mövcud deyil və həm Sarkisyan, həm də onun sələfləri yalnız işğalçılıq siyasətini davam etdiriblər, öz xalqlarını isə feodal qanunları ilə idarə ediblər”.

“Ancaq bütün bunların müqabilində Azərbaycanın gördüyü işlər nümunə gətirlidi”-deyə qeyd edən Elçin Mirzəbəyliyə görə, Azərbaycanda multikultural dəyərlərin inkişafı barədə faktlar ortaya qoyuldu, eləcə də insan haqları azadlıqlarının, demokratik dəyərlərin qorunmasında islahatların aparılmasında görülən işlər barədə məlumatlar verildi: “Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində, enerji dəhlizlərində oynadığı rolu, reallaşdırdığı nəhəng layihələri barədə vurğulandı. Bu layihələrin nəinki Azərbaycan, eləcə də bütün region üçün nə qədər əhəmiyyət kəsb etməsi bildirildi. Eyni zamanda daha geniş ərazini əhatə edən Cənub Qaz dəhlizinin həyata keçirilməsi istiqamətində addımların atıldığı xüsusilə vurğulandı. Ölkəmizdə həyata keçirilən infrastruktur layihələrinin - təhsil müəssisələrinin, sağlamlıq mərkəzlərinin və s. inşa edilməsi, ümumiyyətlə, bu günə qədər görülən qlobal işlər nəzərə çatdırıldı. Ermənistan prezidenti də onu dəstəkləyən bəzi erməni cəmiyyətinin üzvləri də həmin fikirlərin hamısının deyil, hələ 1 faizi altında qalarlarsa, əzilməyə məhkum olarlar”.

Politoloq sonda bildirib ki, ümumiyyətlə , BMT baş Assambleyasında çıxış edən iki şəxsi məhz bu cür müqayisə etmək olar - onlardan biri öz xalqının firavan yaşaması üçün çalışan, işğal altındakı torpaqlarını azad etmək üçün qətiyyətlilik nümayiş etdirən xalqının Lideri, digəri isə xalqına qarşı cinayətlər törədən cani idi ki, öz cinayətlərini yalanları ilə ört-basdır etməyə çalışırdı: “Beləliklə, hesab edirəm ki, İlham Əliyev cənablarının BMT-nin Baş Assaambleyasındakı çıxışı təkcə Azərbaycan tarixində deyil, bütövlükdə Baş Assambleyanın tarixində çox önəmli yer tutacaq”.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə