"İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı" YENİLƏNİB

Bu gün "İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı" kitabının və "Böyük Qayıdışın başlanğıcı-Cocuq Mərcanlı" filminin təqdimat mərasimi keçirilir. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikası Prezident Administrasiyasının və Nazirlər Kabinetnin məsul şəxsləri, Milli Məclisin deputatları, nazirlik, komitə, şirkət, digər mərkəzi təşkilatların rəhbər şəxsləri, Azərbaycanda akretasiya olunmuş diplomatik korpus rəhbərləri, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətinin başçıları, Cocuq Mərcanlı kəndinin bərpasında iştirak etmiş tikinti şirkətlərinin rəhbərləri, məcburi köçkünlər, xarici ölkələrin və yerli KİV nümayəndələri iştirak edirlər. Tədbir iştirakçıları öncə Cocuq Mərcanlının işğaldan əvvəlki vəziyyətini və bərpası ilə bağlı görülən işləri əks etdirən stendə baxış keçiriblər. Tədbirdə çıxış edən baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, son 200 ildə ermənilər tərəfindən işğal olunan Azərbaycan torpaqları ilk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə Horadiz əməliyyatı və prezident İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ildə aprel ayında Lələtəpə əməliyyatı zamanı azad edilib. Cocuq Mərcanlı kəndinin 1994-cü ildə cəmi 4 ay işğal altında qaldığını xatırladan Ə.Həsənov deyib ki, kəndə səfər edən xarici diplomatlar və media təmsilçiləri 4 ay ərzində ermənilərin hansı vandalizmi törətdiklərinin şahidi olublar: "Eyni zamanda Cocuq Mərcanlı ilə Böyük Qayıdış başlayıb. Azərbaycan prezidenti İlham Əliyev Cocuq Mərcanlıda ilk qəsəbənin açılışında iştirak edərkən bu kəndi 1994-cü ildən tərk etməmiş Oqtay Həziyevin ailəsi ilə görüşdü, dünyaya azərbaycanlıların torpaqlarına necə bağlı olduğu nümayiş etdirildi". Baş nazirinin müavini onu da qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatının Dağlıq Qarabağ münaqişəssinin tənzimlənməsi üzrə kontakt qrupu islam ölkələrinə Ermənisitan ilə münasibətləri məhdudlaşdırmaq barədə qərar qəbul edib: "Hesab edirik ki, bu, azdır. Kontakt qrupu bütün islam ölkələrinin Ermənistanla əlaqələri dayandırması barədə qərar qəbul etməli idi. Biz ümumiyyətlə, BMT-nin Ermənistana qarşı sanksiya tətbiq etməsini istəyirik". Tədbirin davamında "Böyük Qayıdışın başlanğıcı-Cocuq Mərcanlı" filmi təqdim olunub. Filmdən sonra çıxış edən Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov deyib ki, filmə baxdıqda bir daha Cocuq Mərcanlıya qayıdışı, həmin o qürurlu günü yaşamış olduq. Kitab haqqında fikirlərini bildirib ki, kitab təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün nəzərdə tutulub: "Orada Azərbaycan Prezidentinin aprel hadisələrinə verdiyi qiymət və bu hadisələrlə bağlı fikirləri öz əksini tapıb. Kitabda həmçinin deputatların, beynəlxalq rəylər də öz əksini tapıb". Aprel zəfərinə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirən deputat qeyd edib ki aprel döyüşündə Azərbaycan ordusu Ermənistanı sındırmış, məhv etmiş oldu: " Biz ilkin mərhələdə məğlub olmuşuq, amma uduzmamışıq. Prezident İlham Əliyev bu məsələdə böyük dönüş edir". Təqdimat mərasimində Cocuq Mərcanlı kəndinin sakini Oqtay Həziyev də çıxış edib.
Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə