25 ildə qazanılan uğurların təməlində sözlə əməl birliyi dayanır FOTOLAR

YAP Sabunçu rayon təşkilatının ərazi ilk partiya təşkilatında partiyanın yaranmasının 25 və "Əsrin müqaviləsi"nin 23 illiyi ilə bağlı tədbir keçirilib

YAP Sabunçu rayon təşkilatı Azərbaycan Dövlət Neft və Sənaye universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci ərazi ilk partiya təşkilatında partiyanın yaranmasının 25 və "Əsrin müqaviləsi"nin 23 illiyi ilə bağlı tədbir keçirilib. Tədbirdə YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva keçirilən tədbirin əlamətdar tarixi günlərdə - Yeni Azərbaycan Partiyasının yaranmasının 25, "Əsrin müqaviləsi"nin 23 illiyi ərəfəsində keçirilir: "Cənubi Qafqazın aparıcı siyasi təşkilatı kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyasının yaradılmasından 25 il ötür. Təbii ki, hansısa bir hadisənin baş verməsi üçün bir zərurət, əsas olmalıdır. Yeni Azərbaycan Partiyasının yaradıldığı dövrə qısasca nəzər salsaq, bu zərurət özünü qabarıq şəkildə büruzə verər. 1992-ci ildə zamanın tələbi, xalqın istəyi ilə yaranan Yeni Azərbaycan Partiyasının ötən 25 ildə keçdiyi yol, əldə etdiyi uğurlar biri-birindən əhəmiyyətli olmaqla yanaşı, gələcək barədə də aydın təsəvvür yaradır. Çünki partiyanın 25 ildə qazandığı uğurların təməlində sözlə əməl birliyi dayanır. Dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edən YAP-ın cəmiyyətdə nüfuzunun artmasında, sıralarının genişlənməsində bu amilin rolu inkaredilməzdir".

M.Abasquliyeva, həmçinin 20 sentyabr 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan və 12 xarici neft şirkətindən ibarət konsorsium arasında "Əsrin müqaviləsi"nin imzalanması ilə bütün dünyanın diqqət mərkəzinə çevrildiyini bildirdi: "Əsrin müqaviləsi" Azərbaycanın neft-qaz sənayesini dirçəltdi, ölkənin enerji təhlükəsizliyini təmin etdi, iqtisadiyyatın bütün qalan sahələrinin inkişafına təkan oldu, xalqın və respublikanın rifahının yüksəlməsinə gətirib çıxardı. Bu günlər "Azəri"-"Çıraq" - "Günəşli" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi haqda imzalanan yeni anlaşma birmənalı olaraq müsbət qiymətləndirilir və Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının uğurla davam etdirildiyini bir daha təsdiqləmiş oldu ".

Tədbirdə YAP Sabunçu rayon təşkilatı sədrinin müavini Bəxtiyp Qasımov, kollecin müəllimlərindən Sevinc Nəsirova, Tural Abbaslı, 3-cü kurs tələbəsi Günay Allahverdiyeva, 4-cü kurs tələbələrindən Fatima Abdullayeva, Azər Quliyev və başqaları çıxış edərək Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və bugünkü Azərbaycanın inkişafında mühüm rol oynayan, dövlət orqanları üçün kadr bazasına çevrilmiş Yeni Azərbaycan Partiyasının cəmiyyətin və dövlətin davamlı inkişafındakı rolundan danışdılar.

Sonra təşkilati məsələlərə baxılıb, partiyanın üzvü Aygün Məhərrəmova ərazi ilk partiya təşkilatının sədri seçilib. YAP Sabunçu rayon partiya təşkilatının sədri M.Abasquliyeva ərazi ilk partiya təşkilatının yeni seçilmiş sədrinə uğurlar arzulayıb və rayonda həyata keçirilən partiya işində fəal olacağına inamını ifadə edib.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə