Qarabağ münaqişəsinə dair təmas qrupu toplandı

Millət vəkillərinin fikrincə, İƏT tərkibində yaradılan bu format hazırki məqamda çox vacib və effektiv vasitədir

Ötən ilin aprelində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda keçirilən XIII Zirvə toplantısında Dağlıq Qarabağ münaqişəsinə dair təmas qrupunun yaradılması qərara alınıb. İƏT xarici işlər nazirlərinin təmsil olunduğu təmas qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrin həyata keçirilməsini qarşıya məqsəd qoyub.

Bu günlərdə Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci iclası çərçivəsində İƏT-in Dağlıq Qarabağ münaqişəsinə dair təmas qrupunun iclasında münaqişənin müzakirəsi keçiriləcək. Həmçinin görüş zamanı regionda mövcud vəziyyət və son hadisələr müzakirə olunacaq.

Mövzu ilə bağlı açıqlamasında Milli Məclisin deputatı, politoloq Hikmət Məmmədov bildirdi ki, Azərbaycan daima tərəfdaşlıq və əməkdaşlıq etdiyi təşkilatlarla Ermənistanın işğal faktorunu qabartmaqla Azərbaycanın ərazi bütövlüyünün pozulduğunu nəzərə çatdırır və işğalçı ölkənin bu siyasətinə qarşı müəyyən tədbirlərin görülməsini vacib hesab edir: "Bilirik ki, İslam Əməkdaşlıq Təşkilatı müsəlman dünyasının ən effektiv beynəlxalq təşkilatlarından biridir və bu təşkilat BMT yanında xüsusi müşahidəçi statusuna malikdir. Ona görə də həm təşkilat üzvlərinin vaxtaşırı məlumatlandırılması, həm də işğalçı dövlətə münasibətdə təşkilat üzvü olan ölkələrin fəaliyyətinin bir növ koordinasiya edilməsi məqsədilə Azərbaycanın təşəbbüsü ilə belə bir təmas qrupu yaradıldı. Burada əsas məqsəd Ermənistanın işğalçılıq siyasətinə qarşı birgə və effektiv mübarizədir. Bilirik ki, ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının növbəti iclası keçirilir və bu çərçivədə İslam Əməkdaşlıq Təşkilatı tərkibində yaradılmış Dağlıq Qarabağ münaqişəsinə dair təmas qrupu üzvlərinin yenidən bir araya gələrək işğalçı ölkəyə qarşı fəaliyyətləri koordinasiya etməsi, iştirakçıların məlumatlandırılması, düşünürəm ki, hazırki məqamda ən vacib və effektiv vasitədir. Çünki İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ərazi bütövlüyü pozulduğu halda, onu müdafiə edəcək institusional qurumlar və mexanizmlər yoxdur. Düşünürəm ki, bunun olması vacib məsələdir”.

H.Məmmədov vurğuladı ki, təmas qruplarının yaradılması gələcəkdə onların konkret üzv ölkələrin maraqlarını müdafiə edəcək mexanizmə çevrilməsi istiqamətində atılan ilk addımdır: "Dünya getdikcə qütbləşir və biz bilirik ki, hazırda müsəlman dünyasına qarşı həm ideoloji, həm hərbi-siyasi, həm də geostrateji müstəvidə müxtəlif aqressiyalar var. Bu səbəbdən gələcəkdə bu təşkilatın daha effektiv və mümkün işğal faktorlarına qarşı birgə fəaliyyətini təmin etmək üçün həm informasiya müstəvisində bu təmas qrupları kimi məlumatlandırıcı vasitələr, həm də gələcəkdə bunların hərbi-siyasi mexanizmə çevrilməsi məsələləri aktualdır. Düşünürəm ki, bu, gələcəkdə nəzərdən keçirilməlidir. Nyu-Yorkda bu məsələlərin müzakirə predmetinə çevrilməsi isə çox yaxşı haldır”.

Millət vəkili, politoloq Elman Nəsirov bildirdi ki, BMT Baş Assambleyasının Nyu-Yorkda başlanan növbəti sessiyası çərçivəsində İƏT tərkibində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaradılmış təmas qrupunun toplantısının keçirilməsi çox müsbət haldır: "Çoxsaylı suallar yaranır ki, bunun bizim üçün əhəmiyyəti nədən ibarət ola bilər? Əvvəla, onu qeyd edim ki, Prezident İlham Əliyev bu günlərdə Astanada İslam Əməkdaşlıq Təşkilatının Elm və texnologiyalar üzrə birinci Sammitində iştirakı və çıxışı zamanı bu məsələlərə toxundu və belə bir qurum çərçivəsində təmas qrupunun yaradılmasını çox müsbət hadisə kimi dəyərləndirdi. Dövlət başçısı qeyd etdi ki, İslam Əməkdaşlıq Təşkilatı və üzv dövlətlər münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Dəfələrlə Prezident İlham Əliyev onu da çıxışlarında vurğulayıb ki, İslam həmrəyliyinə böyük ehtiyac var. O, Astanadakı nitqində də qeyd etdi ki, Ermənistanın yalanlarına inanmayın, Azərbaycanın müqəddəs məscidlərini dağıdan Ermənistandan sizlərə dost ola bilməz. Bu o deməkdir ki, bəzi müsəlman ölkələri işğalçı Ermənistanla sıx əməkdaşlıq xəttinə sadiqlik nümayiş etdirir. Bu isə qətiyyən qəbuledilməz məsələdir. Belə olan təqdirdə, bu formatda təmas qrupunun yaradılması və Nyu-Yorkda onun toplantısında bəhs etdiyimiz neqativ halların, bəzi müsəlman ölkələrinin işğalçı dövlətə münasibətdə tutduğu loyal münasibətin də müzakirəsinin olacağı gözləniləndir. Müzakirələr nəticəsində belə hallara qarşı effektiv mexanizm ola bilər ki, bunlar təkrarlanmasın”.

E.Nəsirov qeyd etdi ki, təmas qrupunun BMT Baş Məclisinin məlum sessiyası çərçivəsində bir araya gəlməsi və münaqişə ilə bağlı məsələləri müzakirə etməsi çox effektli ola bilər: "İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı işğalçı dövlət elan edib və bəyanatlar verib. Onu qeyd edim ki, İslam Əməkdaşlıq Təşkilatında təmsil olunan 57 dövlət həm də BMT-nin üzvləridir. Deməli, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət ətrafında müzakirələrin gedişatında da biz bu 57 dövlətin qətiyyətli, konkret mövqeyini müşahidə edə bilərik. Ona görə də bu kimi məsələlərdə təmas qrupu özünəməxsus rol oynaya bilər. Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinə dair təmas qrupunun bir araya gəlməsi çox mühüm hadisədir”.

Bütün xəbərlər Facebook səhifəmizdə