Gənclər siyasətində yeni mərhələ başlayır

Ankara Universitetinin 23 yaşlı doktorantı Təbriz CƏFƏROV: “Yeni dövlət proqramı mütəşəkkil gənclər ordusunu vahid məqsəd uğrunda daha sıx birləşdirəcək”

Azərbaycanda gənc nəslin inkişafı, onların cəmiyyət həyatında iştirakı və layiqli vətəndaş kimi formalaşmaları üçün bütün səviyyələrdə lazımlı addımlar atılır. Ölkə gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni tərəqqisi ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir.

Sentyabrın 15-də dövlət başçısının sərəncamı ilə təsdiq edilən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” isə bir daha təsdiqlədi ki, gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir və ölkə rəhbərinin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi gənclərin də hərtərəfli yararlanmasına hər cür şərait yaradılır.

Həyata keçirilən dövlət proqramları göstərir ki, bu diqqət və qayğı Prezident İlham Əliyevin aidiyyəti qurumlar qarşısında müəyyən etdiyi əsas vəzifələrdən biridir. Ölkə rəhbərliyi tərəfindən təsbit edilmiş müasir və rəqabətədavamlı təhsil strategiyası tələbələrin əlverişli təhsil mühitindən faydalanaraq intellektual səviyyələrini inkişaf etdirməyə münbit zəmin yaradır. Şübhəsiz ki, bütün bu sadalananlar ölkə gənclərinin vətənpərvər, milli ruhda və yüksək ali təhsilli vətəndaş kimi formalaşmasında əvəzsiz rol oynayır.

Bu gün həm də Azərbaycan gənclərinin səsi yaxın və uzaq ölkələrdən gəlir. Onlar dünyanın müxtəlif ölkələrində təhsil alır və bununla yanaşı, Azərbaycanın dünyaya tanıdılması, ölkəmizin həqiqətlərinin təbliğ olunması prosesində fəallıq göstərirlər. Artıq təşkilatlanmış, mütəşəkkil gənclər ordusu vahid məqsəd uğrunda birləşir, gələcəyə istiqamətlənmiş dövlət siyasətinin aparıcı qüvvəsi kimi tək ölkəmizdə yox, Azərbaycandan kənarda da siyasi, ictimai fəallığını artırır. Ona görə də deyə bilərik ki, gənc liderlərin sayına görə bu gün Azərbaycan öyünə bilər.

Belə gənclərimizdən biri də Təbriz Cəfərovdur. 1994-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda ziyalı ailəsində anadan olan Təbriz 2011-ci ildə test imtahanlarından yüksək bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olub və Prezident təqaüdçüsü adına layiq görülüb. 2014-cü ildə “Prezident təqaüdçüləri” İctimai Birliyini təsis edib.

2015-ci ildə akademiyanın Siyasi idarəetmə fakültəsinin hüquqşünaslıq ixtisası üzrə təhsilini başa vuran Təbriz ali təhsilin magistratura pilləsini Türkiyə Cümhuriyyətində davam etdirmək qərarına gəlib. Məqsədinə çatmaq üçün daim həvəslə çalışan Təbrizin bu istəyi də reallaşıb və o, Türkiyə Baş nazirinin yanında Xarici Ölkələrdə Yaşayan Türklər və Dost Xalqlar Başqanlığı tərəfindən elan edilən təqaüd proqramı əsasında qardaş ölkənin Səlcuq Universitetində publik hüququ üzrə magistratura təhsilini davam etdirməyə başlayıb. Onu da qeyd edək ki, bu proqram əsasında hər il dünyadan 5 min gənc Türkiyə ali təhsil müəssisələrinə qəbul olunur.

Bu müddət ərzində Təbriz Azərbaycan diasporu ilə fəal əməkdaşlıq edərək toplantılara, forumlara, beynəlxalq tədbirlərə qatılıb. Həmçinin elmi və gənclər üzrə iş sahəsində də fəallıq göstərib. 2016-cı ilin oktyabrında Türkiyə Prezidenti və həmçinin dünyanın tanınmış hüquqşünaslarının iştirak etdiyi İstanbul Hüquq Konqresinə qatılıb. Bununla yanaşı, Türkiyə Baş nazirinin yanında Xarici Ölkələrdə Yaşayan Türklər və Dost Xalqlar Başqanlığının təşəbbüsü ilə təşkil olunan forumlarda, konfranslarda öz məruzələrini təqdim edib. Qatıldığı toplantılarda Azərbaycan həqiqətləri barədə də məlumatlar verib.

Təbriz Cəfərov Avropa Birliyinin “Erasmus+” mübadilə proqramı çərçivəsində Portuqaliyanın Coimbra Universitetində publik hüququ üzrə elmi araşdırmalarını da davam etdirib.
Fevral ayında yenidən Türkiyəyə dönən Təbriz üzərində çalışdığı elmi işi - “Türkiyə və Azərbaycan Açısından Publik Hüquqi Şəxslər Anlayışının İncələnməsi” adlı magistr dissertasiyasını yekunlaşdıraraq hüquq üzrə magistr elmi dərəcəsinə yiyələnib.

Bundan sonra Təbriz təhsilin doktorantura pilləsini də oxumaq üçün yenidən Türkiyə Baş nazirinin yanında Xarici Ölkələrdə Yaşayan Türklər və Dost Xalqlar Başqanlığına müraciət edib. Dörd aydan sonra gənc hüquqşünasın müraciəti müsbət qiymətləndirilib. Türkiyə dövləti bütün xərcləri öz üzərinə götürməklə “Hüquq üzrə fəlsəfə doktoru” proqramı üzrə doktorantura təhsilini Ankara Universitetində almağına dair qərar verib.

Sentyabrın 21-dən Təbriz Türkiyənin ən köklü universitetində elmi araşdırmalarını davam etdirəcək. Türkiyəyə dönmədən öncə gənc hüquqşünasla görüşüb söhbətləşdik.

Təbriz deyir ki, xaricdə təhsil alan hər bir Azərbaycan gəncinin üzərinə düşən ən böyük iş, ilk növbədə, şəxsi inkişafını təmin etməklə ölkəmizin təbliği prosesində fəallıq göstərmək, dövlətin yürütdüyü siyasətə dəstək olmaqdır. Çünki inkişaf yolunun ana xətti budur: “Xaricdə təhsil alan və təhsilini başa vuraraq müxtəlif sahələrdə çalışan gənclərin üzərinə düşən funksiya böyükdür. Çünki gənclər həm təhsillərini davam etdirməli, həm də ölkəmizin təbliği istiqamətində işlər görməlidirlər. Ancaq bu təbliğat da müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq aparılmalıdır.
Bundan sonra da əvvəlki dönəmlərdə yerinə yetirdiyim funksional, məqsədli, hədəfli fəaliyyətimi davam etdirəcəyəm. Çünki bu mənim üzərimə düşən yükdür”.

Konkret hədəflərə gəldikdə isə Təbriz deyir ki, Türkiyəyə qayıtdıqdan sonra yeni bir təşəbbüslə çıxış edərək Türk Şurasında (Bu qurum türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən zirvə görüşündə imzalanmış Naxçıvan sazişinə əsasən yaradılıb) gənclər parlamentinin yaradılması təklifini irəli sürəcək.

Təbriz Cəfərov Azərbaycan-Türkiyə hüquqşünasları arasında əlaqələrin daha da möhkəmləndirilməsinin zəruri olduğunu düşünür: “Hesab edirəm ki, iki ölkənin hüquqşünaslarının bir-biri ilə mübadiləsini daha da yaxşılaşdırmaq üçün tədbirlər həyata keçirilə bilər. Eyni zamanda, Türkiyədə təhsil alan Azərbaycan gənclərinin vahid şəbəkəsi yaradılarsa bu, ümumi işin xeyrinə olar. Çünki burada bir boşluq hiss olunur. Qardaş ölkədə kifayət qədər gəncimiz təhsil alsa da, vahid şəbəkə mövcud deyil. Ona görə də çalışmaq lazımdır ki, hər iki ölkənin gənclər nazirlikləri, gənclər təşkilatları vasitəsi ilə bu vahid şəbəkənin yaradılmasına nail olaq”.

Təbrizin sözlərinə görə, dövlət hər zaman gənclərə həssas münasibət göstərib. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində hazırda Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli islahatların həyata keçirilməsində yaxından iştirak edir.

Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi və dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirir. Dövlət başçısının sentyabrın 15-də təsdiq etdiyi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” bunu bir daha təsdiq edir. Bütün bunlar gənclərin ölkənin mədəni, ictimai-siyasi, iqtisadi həyatında fəallığının artırılması ilə bağlı ortaya qoyulan konsepsiyanın müvəffəqiyyətlə icrasının göstəricisidir.

Təbriz Cəfərovun fikrincə, yeni dövlət proqramında mühüm tezislər də öz əksini tapıb: “Bu sənəddə gənclərin ictimai-siyasi fəallığının artırılması, onların beynəlxalq arenalarda təmsilçiliyi, gənc alim və pedaqoqların sosial təminatının yüksəldilməsi, onların elmi cəhətdən beynəlxalq konfranslara çıxışının təmin edilməsi ilə bağlı addımların atılması nəzərdə tutulur. Konkret olaraq müxtəlif icra strukturlarının üzərinə məsuliyyətli vəzifələr qoyulub. Əgər bu vəzifələr uğurla reallaşarsa, Azərbaycanın gəncliyi daha da mütəşəkilləşəcək”.

Həqiqətən də dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı peşəkar kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu gün dövlət tərəfindən bacarıqlı, istedadlı, müasir gənclərin öz potensiallarını, qabiliyyətlərini nümayiş etdirmələri üçün münbit şərait yaradılıb. Bu şəraitdən yararlanan istedadlı Azərbaycan gəncləri yaşadıqları, təhsil aldıqları dünyanın müxtəlif dövlətlərində ölkəmizin müharibə şəraitində olması, tarixi torpaqlarımızın işğal altında saxlanılması, faciələrimiz, qaçqın və məcburi köçkünlərimizin durumu və digər reallıqlarımızı müxtəlif formada nümayiş etdirə, həmin xalqların diqqətinə çatdıra bilirlər. Azərbaycan gəncləri dünyanın bir çox beynəlxalq təşkilatlarında fəaliyyət göstərir, həmin qurumların qlobal layihələrində iştirak edir, Azərbaycan adına uğurlu təmsilçiliyə imza atır və Prezident İlham Əliyevin ətrafında sıx birləşərək onun düşünülmüş uğurlu diplomatiyasına dəstək verirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə