"Prezidentin səfəri bir neçə aspektdən önəm daşıyır" MÜNASİBƏT

“Azərbaycanla BMT əməkdaşlığı daha aktiv fazaya qədəm qoyub”

“Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər etməsi bir neçə aspektdən önəm daşıyır”. Bunu SİA-ya açıqlamasında siyasi-şərhçi Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, ilk növbədə Azərbaycan prezidenti BMT-nin bütün yüksək səviyyəli tədbirlərində çıxış edərkən təkcə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələləri deyil, bu gün dünyada baş verən bir çox problemləri dilə gətirir və bu problemlərin beynəlxalq hüquqa münasibətdə ikili standartdan qaynaqlandığını vurğulayır: “Dövlət başçısı çıxışlarında eyni zamanda humanitar fəlakətlərin qarşısının alınması istiqamətində hansı mühüm addımlar atılmasının vacibliyini də xüsusi olaraq qeyd edir. Bu aspektdən hər belə tədbir Azərbaycan üçün həm ölkəmiz haqqında real mənzərəni dünyaya çatdırmaq imkanı verir, həm də Azərbaycan liderinin beynəlxalq müstəvidə baş verən problemlərin aradan qaldırılması istiqamətində proqram xarakterli tezislərinin, dünya ictimaiyyətinə çatdırılmasına imkan yaradır. Bu baxımdan Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyası da məhz bu aspektdən dəyərləndirilməlidir. Düşünürəm ki, cənab prezidentin bu səfəri də çox uğurlu olacaq, ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə xidmət edəcək”.

E.Mirzəbəyli vurğulayıb ki, Azərbaycanla BMT arasında çox uğurlu əməkdaşlıq var: “Ölkəmiz faktiki olaraq BMT-nin bütün proqramlarında aktiv şəkildə iştirak edir. Azərbaycanda BMT-nin müxtəlif səpkili tədbirləri keçirilir. Ölkəmiz eyni zamanda bu təşkilatın fəaliyyətində ən aktiv olan üzvlərdən biridir. Təsadüfi deyil ki, məhz bu amil Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri daimi üzvü olmasına gətirib çıxarmışdı. Bildiyiniz kimi BMT Azərbaycan arasında 2016-cı ildə mühüm əməkdaşlıq sazişi imzalanıb. Bu sənəd çərçivəsində sözügedən təşkilatla əməkdaşlığın daha da aktiv fazaya qədəm qoyması gözlənilir və bu istiqamətdə geniş proqramlar həyata keçirilir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə