"Azərbaycan xalqı "Əsrin müqaviləsi"nin nəticələrini öz həyatında görür"

"BP ilə 23 il ərzində çox faydalı əməkdaşlığımız formalaşıb. SOCAR-la BP arasında çox səmərəli əməkdaşlıq mexanizmi yaranıb. Azərbaycan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılması ilə əlaqədar başqa şirkətlə də müqavilə imzalaya bilərdi. Ancaq BP və "Əsrin müqaviləsi"ndə iştirak edən digər şirkətlərlə uğurlu əməkdaşlıq etdiyimiz üçün belə bir seçim edildi". SİA-nın məlumatına görə, bunu bu gün "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimdə Azərbaycan prezidenti İlham Əliyev deyib.

Prezident İlham Əliyev bildirib ki, neft baş ağrısı da gətirə bilər: "Dünyanın neftlə zəngin olan müxtəlif ölkələrində müşahildə olunan mənzərə də bunu göstərir. Bizim əsas məqsədimiz isə neft gəlirlərini insan kapitalına çevrirmək idi və buna nail olmuşuq. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, 11 min km-dən çox inşa edilən yollar neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə ediliməsi ilə bağlıdır. Neft Fondundan ayrılan vəsaitlə 250 min məcburi köçkünü 100-dən artıq qəsəbədə mənzillə təmin etdik. Neft Fondunun gəlirləri və xərcləri şəffafdır. Parlament büdcəni təsdiqləyərkən Neft Fondunun vəsaitlərindən istifadəni müəyyən edir".

Dövlət başçısı qeyd edib ki, bu gün bütün Azərbaycan xalqı "Əsrin müqaviləsi"nin nəticələrini öz həyatında görür: "Bu gün yeni sənədin Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində imzalanması rəmzi məna daşıyır. 23 il əvvəl Heydər Əliyevin səyi ilə "Əsrin müqaviləsi" imzalanmışdı. Bu gün imzalanacaq sənəd göstərir ki, Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə