İlham Əliyev: "Bu layihədən sonra valyuta ehtiyatlarımız daha da artacaq”

"2012-ci ildə Türkiyədə TANAP layihəsinə imza atıldı. 2013-cü ildə TAP layihəsi qaz kəməri kimi seçilib". SİA-nın məlumatına görə, bunu bu gün "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimdə Azərbaycan prezidenti İlham Əliyev söyləyib.

Dövlət başçısı deyib ki, "Səngəçal" dünyada ən böyük neft-qaz terminalıdır: "Azərbaycanda neft paltformaları tikilir. Bunlar "Əsrin müqaviləsi"nin Azərbaycana verdiyi faydalardır. Dövlət Neft Fondu bizim üçün böyük bir amildir. Neftin qiymətinin düşməsi də bizi yolumuzdan döndərə bilmədi. Biz valyuta ehtiyatlarımızı artırırıq. "Şahdəniz", Cənub Qaz Dəhlizi layihəsinin həyata keçməsi ilə valyuta ehtiyatlarımız daha da artacaq".

Azərbaycanda ilk dəfə quruda sənaye üsulu ilə neft quyusu qazıldığını, dənizdə ilk dəfə neft çıxarıldığını nəzərə çatdıran prezident İlham Əliyev bildirib ki, uğurların əldə olunmasında Azərbaycan neftçilərinin böyük xildməti var: "Mən ARDNŞ-də 9 il çalışmış şəxs kimi həm də özümü neftçi hesab edirəm. Qarşıdan gələn peşə bayramı münasibəti ilə də neftçiləri təbrik edirəm".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə