Dövlət başçısı: "Azərbaycan bu gün heç kimdən asılı olmayan müstəqil dövlətdir"

"1992-ci ildə Azərbaycanda qanunsuz dövlət çevrilişi nəticəsində hakimiyyəti AXC-Müsavat cütlüyü zəbt edib, ölkədə anarxiya yaşanıb. 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başladı, Gəncə bombalandı. Bununla yanaşı, Ermənistan torpaqlarımızın böyük hissəsini işğal etdi. Belə ağır vəziyyətdə xalqın tələbi nəticəsində Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldi. Həmin dövrdə xarici invenstorları ölkəyə cəlb etmək böyük məharət tələb edirdi". SİA-nın məlumatına görə, bunu bu gün "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimdə Azərbaycan prezidenti İlham Əliyev söyləyib.

Dövlət başçısı deyib ki, o dövrdə xarici investorları cəlb etmək tarixi nailiyyət idi: "Azərbaycan bu gün öz hesabına yaşayan ölkələrdəndir. Ölkəmizin gələcək inakişafı üçün siyasi, iqtisadi və başqa maneə yoxdur. Ölkəmiz bundan sonra uğurla inkişaf edəcək. Bu potensialın formalaşmasında "Əsrin müqaviləsi"nin böyük rolu var. Bu gün biz müstəqil siyasət aparan, heç kimdən asılı olmayan ölkəyik. Bu, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanı da bizə "Əsrin müqaviləsi" yaratdı".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə