Prezident: "Bu gün imzalanacaq müqavilənin ölkəmiz üçün böyük əhəmiyyəti var"

"Bu gün Azərbaycan üçün əlamətdar və tarixi bir gündür. "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsində yeni dövr başlayır". SİA-nın məlumatına görə, bunu bu gün "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimdə Azərbaycan prezidenti İlham Əliyev söyləyib.

Prezident bildirib ki, bu gün imzalanacaq müqavilənin ölkəmiz üçün böyük əhəmiyyəti var: "Bu yataqların işlənməsi 2050-ci ilə qədər uzadılır. Bu müqavilə Azərbaycan üçün daha əlverişlidir, daha yaxşı şərtlərlə imzalanır. Müqavilə imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 miyard dollar bonus ödəniləcək. SOCAR-ın payı 25 faizə qaldırılır. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək".

Dövlət başçısı qeyd edib ki, "Əsrin müqaviləsi" imzalanan zaman "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda 511 milyon ton neft olduğu ehtimal edilirdi: "Ancaq ehtiyatlar proqnozları üstələdi. Hazırda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda hasil edilməmiş 500 milyon ton neft var".

Müəllif: Nailə Məhərrəmova
loading...