Millət vəkili: “Azərbaycanla İsrail arasında tarixi əlaqələr var” MÖVQE

Azərbaycanın müdafiə nazirinin İsrailə səfəri iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsi, yeni silahların alınması, eyni zamanda ordu quruculuğu məsələsində hər iki ölkənin əldə etdiyi təcrübənin bölüşdürülməsi məqsədi daşıyır”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib.

Azərbaycan bir çox ölkələr o cümlədən də İsraillə hərbi sahədə artıq müəyyən tarixə malik olan əməkdaşlığa malik olduğunu deyən deputat söyləyib ki, İsrail bu gün dünyanın ən müasir silahlar istehsal edən ölkələrdən biri kimi tanınır: “Azərbaycan İsrail münasibətləri heç bir ölkənin əleyhinə yönəlmir. Azərbaycan Ermənistandan başqa bütün dövlətlərlə sıx əməkdaşlıq edir və bundan sonra da dostluq əlaqələrinin möhkəmləndirmək fikrindədir. Aldığımız silahlar yalnız İşğal altında olan torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin müdafiə qabiliyyətinin yüksəlməsinə yönəlir. Eyni zamanda Ermənistan üçün bir daha aydın olmalıdır ki, Azərbaycan torpaqlarının işğal altında qalmasına heç vaxt razı olmayacaq. Bu baxımdan həm yeni silahların əldə edilməsi, həm hərbi quruculuq işlərinə böyük diqqət edəcək”.

A.Mirzəzadə əlavə edib ki, Azərbaycan müharibə vəziyyətində olduğuna görə, onun hərbi gücünün artırılması daim dövlətin diqqət mərkəzindədir: “Azərbaycan ciddi ordu quruculuğu ilə məşğul olur, ən müasir silahlar əldə edir və xarici ölkələrlə hərbi texniki əməkdaşlıq məsələsi daima gündəmdədir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə