Elmar Məmmədyarov Vyetnamın sənaye və ticarət naziri ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Vyetnam Sosialist Respublikasına rəsmi səfəri çərçivəsində Vyetnamın sənaye və ticarət naziri, Azərbaycan-Vyetnam Hökumətlərarası Birgə Komissiyanın həmsədri Tran Tuan Anhla görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, səfərdə Milli Məclisin deputatı Rauf Əliyev də iştirak edir. Görüşdə ölkələr arasında əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilərək, 2014-cü ildə Azərbaycan prezidenti İlham Əliyevin Vyetnama dövlət səfərinin, 2015-ci ildə isə Vyetnam Sosialist Respublikasının keçmiş prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfərinin ikitərəfli münasibətlərin inkişafına təkan verdiyi diqqətə çatdırılıb.

Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və bilavasitə iştirakı ilə həyata keçirilən Şimal-Cənub və Şərq-Qərb dəhlizləri, ölkəmizdə nəqliyyat sektorunun inkişafı və bu əsnada Bakı portunun imkanlarının artırılması barədə məlumat verib və Şimal-Cənub nəqliyyat dəhlizinin Vyetnamın ixrac məhsullarının Avropa bazarına çıxarılması üçün əlverişli imkanlar təmin edə biləcəyini deyib.

Vyetnamın Avropa İttifaqı bazarına ixracının artmaqda olduğunu qeyd edən Tran Tuan Anh bu xüsusda nəqliyyat və logistika imkanlarının genişləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq Azərbaycan tərəfinin bu cəlbedici təklifinin mütləq şəkildə nəzərdən keçiriləcəyini vurğulayıb.

Görüş zamanı Azərbaycan və Vyetnam arasında iqtisadi, ticarət, enerji, təhsil sahəsində əməkdaşlıq məsələləri, o cümlədən Azərbaycanın neft avadanlığı istehsal edən müvafiq şirkətlərinin məhsullarının Vyetnam bazarına çıxarılması imkanları müzakirə edilib. Bu istiqamətdə Birgə Komissiya çərçivəsində müvafiq işlərin aparılacağı vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə