“Bir millət iki dövlət: Azərbaycan-Türkiyə qardaşlığı əbədidir” TƏDBİR

Bu gün Atatürk Mərkəzində Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu tərəfindən Bakının erməni-bolşevik işğalından azad olmasının 99 illiyi münasibətilə "Bir millət iki dövlət: Azərbaycan-Türkiyə qardaşlığı əbədidir" mövzusunda tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə birliyin sədri Emin Həsənli 99 il əvvəl, 1918-ci il sentybarın 15-də Nuru Paşanın rəhbrəlik etdiyi Qafqaz İslam Ordsunun və Azərbaycan Korpusunun paytaxta daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etməsindən danışıb.

Hazırda iki ölkə arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu deyən E.Həsənli qeyd edib ki, ən sevindirici hal odur ki ölkəmizdə fəaliyyət göstərən QHT-lər, media bu münasibətləri dəstəkləyir və onların yanındadır.

Daha sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral "Bir millət iki dövlət" kontekstində Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinə toxunub. O bildirib ki, 1918-ci ildə Bakının işğaldan azad olması iki ölkə arasında möhkəm qardaşlıq əlaqələrinin uzun tarixə malik olduğunu deyib. Səfirin sözlərinə görə, bu gün Türkiyə ilə Azərbaycan əlaqələrinin yüksək səviyyədə olmasının səbəbləri çoxdur: "Bəlkə də dünyada belə sıx dostluğa malik ölkə yoxdur. Biz dost ölkə olmaqla yanaşı, keçmişi, gələcəyi dini, dili, soyu bir olan qardaş xalqlardır. Bu gün Türkiyənin günü Azərbaycanın, Azərbaycanın da gücü Türkiyənindir. Bu, 1918-ci ildə də belə olub. Türkiyə Azərbaycanı yanında gördükdə özünü daha güclü hiss edir. Bugün Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrində bir yerdə olması iki ölkənin bir birinə olan inamını göstərir. Bu gün Bakıdakı Atatürk Mərkəzində bir araya gəlməyimiz də məhz 1918-ci ildəki şəhidlərimizin hesabınadır. Onlara Allahdan rəhmət diləyirik".

Millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, 15 sentyabr hadisələrinə görə əbədi olaraq Türkiyəyə minnətdarlıq bildirməliyik. Onun sözlərinə görə, dəfələrlə parlamentdə Nuru Paşanın abidəsinin ucaldılması ilə bağlı təkliflər irəli sürüb. Millət vəkili qeyd edib ki, Azərbaycanla Anadolunun düşməni eynidir: "İki qardaş ölkə arasında dostluq, qardaşlıq münasibətlərini ayrı salmaq üçün edilən bütün cəhdlər alınmayacaq. Zamanla digər türk respublikaları da bu birliyə qoşulacaq". Millət vəkili Hikmət Babaoğlu isə bildirib ki, hər bir ölkənin tarixini ondan ibrət dərsi almaq üçün öyrənilməlidir. Onun sözlərinə görə, Azərbaycan tarixində də 15 sentyabr hadisələrinin xüsusi rolu var: "Qafqaz İslam Ordusu Azərbaycana gələrkən Bakını işğaldan azad etməklə bərabər, çoxsaylı müsəlmanları erməni-bolşeviklərindən xilas etmiş oldu. Bu gəliş bugünkü müstəqil Azərbaycanın sərhədlərini müəyyənləşdirməklə bərabər ölkəmizin Sovetlər birliyinə müstəqil subyektlərdən biri kimi daxil olmasına imkan yaradıb".

Tədbirin davamında millət vəkili Aydın Hüseynov, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və digərləri 15 sentyabr tarixinin Azərbaycan və iki ölkə arasındakı münasibətlərin hazırki səviyyəyə gəlib çatmasında mühüm rola malik olduğunu qeyd ediblər.

Tədbir müzakirələr əsasında davam edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə