Aleksandr Lapşinin tutulması kimi əfv olunmasında da bir rəmzlik vardı Münasibət

""Hay" təsiri altında Azərbaycan qanunlarına sayğısızlıq göstərib rəsmi Bakıdan icazə almadan Dağlıq Qarabağa gedən, sərhəd pozuculuğuna yol verən Aleksandr Lapşinin tutulması kimi əfv olunmasında da bir rəmzlik vardı. Lapşinin eyni zamanda üç ölkə - Rusiya, İsrail və Ukrayna vətəndaşı olması onu qoluna qandal vurularaq Azərbaycana gətirilib məhkəmə qarşısına çıxarmaqdan qurtarmadı". SİA-nın məlumatına görə bu sözləri millət vəkili Sahib Alıyev deyib.

Millət vəkilinin sözlərinə görə, bu göstərdi ki, torpaq bütünlüyü məsələsində istənilən böyük və qüdrətli dövlətlə üz-üzə gəlməkdən çəkinmirik və bundan sonra da çəkinməyəcəyik: "Yenə ikili standartda yol verən, başqa bir vətəndaşının - Dilqəm Əsgərovun erməni girovluğunda saxlanmasına laqeydlik göstərən Rusiya XİN-in Lapşinə dəstək sərgiləməsi haqlı olaraq narazılıq doğurdu və rədd edildi. Öncədən açıq şəkildə vurğulandı ki, bu adam ancaq məhkəmə bitdikdən sonra etdiyi səhvlərə görə üzr istəyib, əfv dilədiyi halda azadlığa buraxıla bilər. O da bunu etdi. Nəticədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin əfvinə sığınanlardan biri də Lapşin oldu və o, azadlığa çıxdıqdan sonra pasportunu daşıdığı digər iki ölkəyə deyil də məhz İsrailə göndərildi. O İsrailə ki, Dağlıq Qarabağ məsələsində ədalətli və prinsipial mövqe tutur, onunla aramızda müsbət nəticəsi aprel döyüşlərində də açıq nəzərə çarpan sıx hərbi-strateji əməkdaşlıq var.
Orasını da vurğulayaq ki, Lapşin məhz müdafiə nazirimiz Zakir Həsənovun İsrailə səfərə getdiyi gün azadlığa buraxıldı. İnanmaq istərdik ki, o, azadlığa çıxmasında daha çox hansı ölkənin vətəndaşı olmasının rol oynadığını nəzərə alacaq və Dağlıq Qarabağ probleminə yanaşmada da məhz həmin ölkənin mövqeyni bölüşəcək".

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə