Koreya Milli Assambleyasının üzvləri Milli Məclisdə

Sentyabrın 6-da Milli Məclisin Koreya ilə parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupu üzvlərinin ölkəmizdə səfərdə olan Koreya Milli Assambleyasının sədr müavini Pak Cu-sunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, qonaqları salamlayan qrupun rəhbəri, deputat Malik Həsənov xalqlarımız arasında tarixən mövcud olan dostluq əlaqələrindən söhbət açıb, Koreya ilə münasibətlərin gündən-günə inkişaf etdiyini vurğuladı. Millət vəkili xüsusən müasir texnologiyaların istehsalında bu ölkənin sürətli inkişafının Azərbaycanda diqqətlə izləndiyini və təqdir edildiyini söyləyib.

Bildirilib ki, hər iki ölkə zəngin təbii sərvətlərə malikdir və əməkdaşlığın daha da genişlənməsi üçün yaxşı baza var. İşçi qrupun rəhbəri daha sonra Azərbaycanın ən ağrılı problemi olan Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat verib. Qeyd edilib ki, bu münaqişə regionda sülh və sabitliyi ciddi təhdid altında saxlayır.

Səmimi görüş və yüksək qonaqpərvərlik üçün minnətdarlığını bildirən Koreya Milli Assambleyasının sədr müavini Pak Cu-sun ölkələrimiz arasında dostluq münasibətlərinin 25 ildən artıq bir tarixə malik olduğunu dilə gətirib, bu səfərin Azərbaycanla yaxından tanış olmalarına yaxşı imkan yaratdığını söyləyib. Ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuza malik olmasının onları sevindirdiyini bildirib, iki ölkə arasında mədəni, humanitar və turizm sahəsində əməkdaşlığın perspektivlərindən danışıb. O, Azərbaycanın ev sahibliyi etdiyi və iştirakçısı olduğu beynəlxalq tədbirlərdən məmnunluqla söz açıb, gələcəkdə yeni sahələr üzrə təcrübə mübadiləsini genişləndirməkdə maraqlı olduqlarını söyləyib.

Görüşdə müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə