Hikmət Çətin: "Türkiyənin orada qalmaq niyyəti yoxdur"

"Türkiyə "Fərat Qalxanı" əməliyyatını öz təhlükəsizliyi üçün başlayıb." Bu fikirləri APA TV-yə açıqlamasında Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin səsləndirib: "Türkiyənin orada qalmaq, orada yerləşmək kimi niyyəti yoxdur. Digər dövlətlər məsələyə çox uzaqdan yanaşır, amma Türkiyənin qonşusundan söhbət gedir. Uzun bir sərhəd zolağı var, gediş-gəliş çox asandır. Əvvəldən də deyildiyi kimi Türkiyənin orada qalmaq fikri yoxdur. Məsələnin həllindən ən çox məmnun qalan ölkə də Türkiyə olacaqdır".

Sabiq nazir eyni zamanda bu əməliyyat səbəbindən bir sıra ölkələrin Türkiyəyə qarşı sərgilədiyi mövqeyə də toxunub: "Orada dünyanın bütün ölkələri var. Kimin nə etdiyi bəlli deyil. ABŞ, Rusiya və dünyanın bir çox ölkələri oradadır. Vəziyyət çox qarışıqdır. Türkiyə də onlarla birlikdə hərəkət etmək istəyir. Məqsəd bir an öncə Suriyaya siyasi həll yolu tapmaqdır. Bu məsələnin hərbi yolla həlli mümkün deyil. Buna görə də ən qısa zamanda Suriyanı terror təşkilatlarından təmizləyərək Suriya hökumətilə siyasi həll yolu tapılmalıdır. Suriyanın ərazi bütövlüyü və siyasi bərabərliyi üçün bu həllin tapılması vacibdir".

Bütün xəbərlər Facebook səhifəmizdə