Prezident Gədəbəyə 3 milyon manat ayırıb

Gədəbəy şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamda deyilir:

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Gədəbəy rayonunun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermiş, sənaye məhsulunun həcmi 103,4 dəfə, əsas kapitala yönəldilmiş vəsait 68,5 dəfə, o cümlədən tikinti quraşdırma işlərinin həcmi 71,0 dəfə artmış, filiz emalı zavodu, mineral sular və limonad istehsalı zavodları, digər iri istehsal və emal müəssisələri yaradılmış, Rayon Mərkəzi Xəstəxanası, Uşaq-Gənclər Şahmat Məktəbi, Uşaq Yaradıcılıq Mərkəzi, “Aşıqlar evi”, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 40 mənzilli 2 yaşayış binası, Avtovağzal Kompleksi inşa edilmiş, müasir tələblərə cavab verən digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, şəhərin su təchizatı sistemi yenidən qurulmuş, avtomobil yolları çəkilmiş, körpülər salınmış, geniş abadlıq-quruculuq işləri aparılmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Gədəbəy şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə qərara alıram:

1. Gədəbəy şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gədəbəy Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Bütün xəbərlər Facebook səhifəmizdə