Avrasiya İqtisadi Birliyi - Türkiyə bu təşəbbüsdən uğur qazanacaq - ANALİTİK

Ermənistanın siyasi şantajları isə daxili publikaya yönəlmiş nəticəsiz addımdır

Türkiyənin Avrasiya İqtisadi Birliyinə (AİB) üzv olması təşəbbüsü ətrafında Ermənistan ictimai rəyində ciddi çaxnaşma yaşanmaqdadır. Məsələ ondadır ki, erməni mediasında çıxış edən bir sıra politoloqlar, siyasi icmalçılar, iqtisadi ekspertlər və dövlət rəsmiləri Türkiyənin AİB-ə üzv olmasını mümkün saysalar da bunun yalnız iki ölkə arasında bağlı olan sərhədlərin açılacağı təqdirdə reallaşa biləcəyini deyirlər. Siyasi şantaj xarakterli bənzər açıqlama və bəyanatların verilməsi isə daxili publikaya yönəlmiş hal kimi qiymətləndirilə bilər. Çünki nəzərə alsaq ki, Ermənistanın siyasi—iqtisadi taleyi daha çox Rusiyanın əlindədir və Türkiyənin təşəbbüsünə dəstək verən əsas ölkələrdən biri də yenə Rusiyadır, bu zaman ermənilərin şantajlarının təsirsiz olacağını düşünmək olar.

Rəcəb Tayyib Ərdoğanın sərhədlərin açılmayacağı barədə səsləndirdiyi qətiyyətli fikirləri bu gün də öz qüvvəsində qalmaqdadır!

Başqa tərəfdən, o da məlumdur ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün hazırkı dövrə qədər göstərilən təşəbbüslərin heç biri səmərə verməyib. Buna ən güclü səbəb isə, hələ 2009-cu ildə istər Azərbaycan, istərsə də Türkiyə ictimaiyyətinin kəskin reaksiyaları oldu. Belə ki, iki qardaş xalqın nümayəndələri, politoloq və ekspertləri, o cümlədən dövlət və hökumət rəsmiləri yalnız Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən əl çəkəcəyi, torpaqlarımızın azad ediləcəyi halda sərhədlərin açılması mümkünlüyü barədə fikir bildirmişdilər.

Onu da xatırladaq ki, məhz həmin ərəfələrdə - 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında protokolların imzalanması arxasında Avropa Briliyinin müəyyən olunmuş şərti dayanırdı. Daha dəqiqi, həmin vaxt Türkiyənin Avropa Birliyinə üzv kimi qəbul edilməsi yolunda rəsmən açıqlanmayan əsas şərtlərdən biri Ermənistanla münasibətlərin normallaşdırılması, sərhədlərin açılması idi.

Lakin işğalın davam etdiyi müddətdə bunun heç vaxt mümkün olmayacağı elə həmin ildə Türkiyənin baş naziri olan Rəcəb Tayyib Ərdoğan tərəfindən qəti olaraq bəyan edilmişdi. 2009-cu ilin 13 may tarixində o Bakıya rəsmi səfəri zamanı, eyni zamanda Azərbaycan parlamentindəki çıxışında bu məsələyə nöqtə qoymuşdu. Məhz bu bəyanatın ardınca, Türkiyənin digər rəsmi şəxsləri də dəfələrlə Dağlıq Qarabağda işğal bitmədən sərhədlərin açılmayacağını bəyan etdilər.

Təlatümlərdə boğulan Ermənistanı daha çox dalana dirənmiş olur

Əlbəttə, baş verənlər arxasında dayanan və Ermənistanı kəskin olaraq narahat edən məsələlərdən biri də paralel olaraq Türkiyə ilə Rusiya arasındakı yaxınlaşma faktorudur. Bu yaxınlaşma iki ölkə arasında heç vaxt olmadığı kimi mövcuddur və hərbi, iqtisadi, sosial sferalarda münbit, səmərəli, eləcə də qarşılıqlı fikir mübadilələri aparılmaqdadır. Erməniləri də narahat edən budur, ona görə də həmin yaxınlaşma işğalçı ölkənin 1 nömrəli və ən aktual mövzusuna çevrilib. Xüsusilə, Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin ölkəsinin Avrasiya İqtisadi Birliyi ilə anlaşma imzalamaq niyyətində olduğunu deməsi, rəsmi Ankaranın AİB-lə gömrük anlaşmasını imzalamaq barədə təklif aldığını Türkiyə ictimaiyyətinə bəyan etməsi onsuz da təlatümlərdə boğulan Ermənistanı daha çox dalana dirəmiş olub. Məngənədə sıxılmağa başlayan Ermənistan ən yaxşı halda, Türkiyənin AİB-ə üzv olmasına qarşı çıxacağını bəyan edə bilər. Çünki işğalçı ölkənin “sərhədləri açın, bundan sonra quruma üzv olun” şantajının keçərsiz olduğunu elə bu fikirləri irəli sürən ekspertləri də yaxşı bilirlər. Halbuki həmin şantajlar sırasına ilkin olaraq Ermənistanın Xarici İşlər Nazirliyi öz bəlli bəyanatı ilə qoşulmuşdu. Ermənisran XİN bəyan etmişdi ki, AİB-ilə anlaşma imzalamaq üçün qurumun İrəvanın razılığına ehtiyac var. Erməni mediası isə iddia edir ki, rəsmi İrəvan Türkiyə qarşısında sərhədlərin ön şərt qoyulmadan açılması şərtini irəli sürə bilər.

Digər səbəblər də var...

Lakin onu da unutmaq olmaz ki, Türkiyə-Ermənistan sərhədlərinin bağlı olması yalnız Azərbaycanla əlaqədar deyil və ortada digər səbəblər də mövcuddur. Misal üçün, Ermənistanın müstəqillik bəyannaməsində, dövlət gerbində və konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Hətta Ermənistan Konstitusiya Məhkəməsinin 12 yanvar 2010-cu il tarixli qərarında Türkiyə-Ermənistan prortokollarının Ermənistanın müstəqillik bəyannaməsinin və konstitusiyasının əlaqədar (Türkiyəyə ərazi iddiası irəli sürən) maddələrinə zidd şərh olunmayacağı

qeyd olunurdu. Bu isə o deməkdir ki, Türkiyənin Ermənistana hansı güzəştə getməsindən asılı olmayaraq ermənilər nə “soyqırım”ın tanınması, nə təzminat almaq, nə də ərazi iddialarından geri durmur. Söz yox ki, bu iddialar işğalçı ölkəni düşdüyü məngənədə daha çox sıxacaq.

Ərdoğanın Bakı səfəri - Azərbaycan-Türkiyə münasibətlərinə daha güclü və daha yeni təkanlar!

Yeri gəlmişkən, bu günlərdə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya rəsmi səfər edəcək və onun həftə sonu gerçəkləşdirəcəyi səfərin Azərbaycan-Türkiyə münasibətlərinə daha güclü və daha yeni təkanlar verəcəyi şübhəsizdir. O cümlədən, qeyd edə bilərik ki, geosiyasi maraqların fövqündə olan Azərbaycan-Türkiyə münasibətlərin xarakterini yalnız iqtisadi-siyasi və s. əlaqələrin yüksək səviyyədə olması müəyyən etmir, xalqlarımızı ortaq din, mədəniyyət, dil və əsassız iddialara qarşı müştərək mübarizə tarixi birləşdirir. Belə olan halda Ermənistanın hansısa şərtlər irəli sürərək, AİB ətrafında oyun qurması nəticə etibarilə sıfır həddini aşmayacaq. Əksinə, bəlli ifadələrlə daxili publikaya yönəlmiş şərtlər ac və səfil işğalçı ölkədə yeni qiyamların qalxmasına səbəb olacaq. Türkiyə isə bu təşəbbüsdən yalnız uğur əldə edəcək.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə